Hər il qəbul imtahanları yaxınlaşdıqca abituriyentlər və onların valideynləri repetitor və kurs xərcləri ilə yanaşı, müxtəlif dərs vəsaitləri, mövzu topluları və test kitabçalarının alınmasına da ciddi vəsait sərf edirlər. Xüsusilə bir neçə fənn üzrə hazırlıq keçən abituriyentlər üçün vəsaitlərin tez-tez yenilənməsi ailə büdcəsinə əlavə maliyyə yükü yaradır.
Müzakirə olunan əsas məsələlərdən biri isə yeni nəşrlərlə əvvəlki illərin vəsaitləri arasındakı fərqin bəzi hallarda olduqca cüzi olmasıdır. Bəzi hallarda dəyişikliklər yalnız müəyyən sualların, mövzuların və ya bölmələrin yenilənməsi ilə məhdudlaşır. Nəticədə abituriyentlər kiçik həcmli yeniliklər üçün bütöv vəsaiti yenidən almaq məcburiyyətində qala bilirlər.
Referans MEDİA-ya açıqlama verən təhsil eksperti İlqar Orucov hesab edir ki, bu məsələyə həm təhsil metodologiyası, həm də köməkçi təhsil materialları bazarının dinamikası baxımından yanaşmaq lazımdır.
Ekspertin sözlərinə görə, qiymətləndirmə standartlarında və kurikulum proqramlarında aparılan dəyişikliklər yeni vəsaitlərin hazırlanmasını müəyyən dərəcədə zəruri edir. İmtahan proqramlarına edilən dəyişikliklər, yeni alt-standartların tətbiqi, situasiya və açıq tipli tapşırıqların çəkisinin artırılması və ya formatının dəyişdirilməsi tədris materiallarının yenilənməsinə səbəb ola bilər.
Digər tərəfdən, köməkçi təhsil materialları bazarında hər il yeni abituriyentlərin olması nəşrlərin davamlı şəkildə yenilənməsinə şərait yaradır. Lakin ekspert hesab edir ki, burada əsas problem yenilənmələrin məzmun baxımından nə dərəcədə əsaslı olmasıdır.
İ.Orucovun fikrincə, əgər vəsaitin böyük hissəsi əvvəlki nəşrlə eyni qalırsa, yalnız kiçik bir hissədə dəyişiklik edilirsə, abituriyentin hər dəfə kitabın tam qiymətini ödəməsi əlavə maliyyə yükü yaradır. Bu isə xüsusilə maddi imkanları məhdud ailələr üçün təhsildə bərabər imkanlar baxımından müəyyən çətinliklər yarada bilər.
Ekspert hesab edir ki, problemin həlli istiqamətində əsas addımlardan biri təhsil resurslarının rəqəmsallaşdırılması və daha əlçatan açıq resurs modelinin formalaşdırılmasıdır.
Onun fikrincə, rəsmi məktəb dərslikləri pulsuz təqdim olunsa da, əlavə test topluları, mövzu vəsaitləri və digər hazırlıq materialları müxtəlif platformalarda ödənişli şəkildə satılır. Bu baxımdan abituriyentlərin ehtiyac duyduğu rəsmi vəsaitlərin, test banklarının və yenilənmiş tapşırıqların rəqəmsal versiyalarının vahid platformada ödənişsiz və ya simvolik qiymətlərlə təqdim olunması məqsədəuyğun olardı.
İ.Orucov həmçinin çap məhsullarının yenilənməsi ilə bağlı alternativ model təklif edir. Onun fikrincə, hər il tamamilə yeni kitab nəşr etmək əvəzinə, əvvəlki ilin vəsaitinə əlavə materiallar hazırlamaq mümkündür. Belə halda əvvəlki nəşrə sahib olan abituriyent yalnız cari ildə dəyişdirilmiş bölmələri və yeni tapşırıqları əldə etməklə əlavə xərcini əhəmiyyətli dərəcədə azalda bilər.
Belə bir model həm ailələrin maliyyə yükünü azaltmağa, həm də təhsil resurslarından daha səmərəli istifadəyə imkan verə bilər. Eyni zamanda rəqəmsal platformaların genişləndirilməsi abituriyentlərin aktual və etibarlı materiallara çıxışını asanlaşdıraraq hazırlıq prosesində əlavə xərclərin qarşısının alınmasına xidmət edə bilər.
Nəticə etibarilə, qəbul imtahanlarına hazırlıq zamanı ailələrin üzləşdiyi maliyyə yükünün azaldılması üçün yalnız kitab qiymətlərinin deyil, ümumilikdə təhsil resurslarının hazırlanması və yenilənməsi modelinin təkmilləşdirilməsi vacibdir. Rəqəmsallaşma, açıq test bankları və yalnız dəyişən hissələrin ayrıca təqdim edilməsi kimi mexanizmlər həm abituriyentlərin, həm də valideynlərin xərclərini azaltmaqla yanaşı, təhsil resurslarına çıxışda daha geniş imkanlar yarada bilər.
