Qanunvericilikdə övladını təkbaşına böyüdən valideynlər üçün müəyyən əmək güzəştləri nəzərdə tutulsa da, bəzi hallarda bu hüquqlar yalnız kişilərə şamil olunur. Hüquqşünas Ruslan Mustafa hesab edir ki, övladını tək böyüdən valideynlərə münasibətdə ata və ana arasında fərq qoyulmamalıdır.
Referans Media-ya açıqlama verən hüquqşünas Ruslan Mustafa bildirib ki, uşağı tək böyüdən valideynlə bağlı məsələlər araşdırılarkən bir çox xüsusi hal nəzərə alınmalı və hər bir işə fərdi yanaşılmalıdır.
Onun sözlərinə görə, valideynin digər valideynlə boşanıb-boşanmadığı, aliment alıb-almadığı, digər valideynin vəfat edib-etmədiyi kimi hallar fərdi yanaşmanı zəruri edir.
“Həmçinin uşağın yaşı və sayı da verilən imtiyazlara təsir edən hallardan biridir. Biz məhz əmək hüququndan danışırıqsa, uşağı tək böyüdən valideynlə bağlı, o cümlədən qadınlarla bağlı müəyyən imtiyazlar qanunvericilikdə nəzərdə tutulub. Bu, məzuniyyət günləri və iş saatları ilə bağlıdır”, - deyə hüquqşünas bildirib.
R.Mustafanın sözlərinə görə, burada uşaqların sayı və yaşı da kifayət qədər önəmlidir. Belə ki, himayəsində 3 yaşına qədər uşağı olan valideynə verilən imtiyazlar 8 yaşı tamam olmuş uşağı himayəsində saxlayan valideynə verilən imtiyazlardan müəyyən qədər fərqlənir.
Hüquqşünas qeyd edib ki, bəzi hallarda qadınlara deyil, kişilərə müəyyən əmək hüquqları üzrə imtiyazlar verilib.
“Buna misal olaraq təkbaşına uşağını böyüdən kişilərlə bağlı bir neçə maddədə müəyyən hüquqların verilməsini göstərə bilərik. Bunun fəlsəfəsi mənə hüquqi olaraq tam aydın deyil. Mən düşünürəm ki, bu hissə araşdırılmalıdır”, - deyə R.Mustafa vurğulayıb.
Hüquqşünas hesab edir ki, övladını tək böyüdən valideynlərə münasibətdə ata və ana arasında fərq qoyulmamalıdır.
Gülaz Abdullazadə
