Payızın gizli təhlükəsi: Bu göbələkləri süfrəyə gətirməyin

Payız aylarında yabanı göbələklərin toplanması və istehlakı artır. Bəs yabanı göbələkləri zəhərli növlərdən fərqləndirmək nə dərəcədə mümkündür və onların toplanması, saxlanması və hazırlanması zamanı hansı qida təhlükəsizliyi qaydalarına əməl edilməlidir? Həmçinin göbələklərin bişirilməzdən əvvəl yuyulmasının onların dadına və keyfiyyətinə təsir etdiyi və buna görə yuyulmamalı olduğu ilə bağlı fikirlər nə dərəcədə doğrudur?

Referans Media-ya açıqlama verən qida mütəxəssisi Fərid Səfərov bildirib ki, payız aylarında yabanı göbələklərin toplanması və istehlakı artır, lakin burada əsas məsələ göbələyin xarici görünüşünə əsaslanaraq onun zəhərli və ya yeyilə bilən olduğunu müəyyən etməməkdir.

Onun sözlərinə görə, yabanı göbələklərin bir çox zəhərli növü yeyilə bilən növlərə çox bənzəyir və hətta təcrübəsiz şəxslər üçün deyil, bəzən uzun illər bu sahə ilə məşğul olan insanlar üçün də onları düzgün ayırmaq çətin ola bilər:

“Bu səbəbdən yalnız əminliklə, mütəxəssis tərəfindən identifikasiya edilmiş və yeyilə bilən olduğu təsdiqlənmiş yabanı göbələklər istehlak edilməlidir”.

Mütəxəssis xüsusilə vacib məqam kimi zəhərli göbələyi bişirməklə təhlükəsiz hala gətirməyin mümkün olmadığını vurğulayıb:

“Qaynatma, qızartma, qurutma və ya digər istilik emalı bəzi göbələk toksinlərini məhv etmir. Buna görə “yaxşı bişirsək zəhəri çıxar” yanaşması düzgün deyil”.

Fərid Səfərov qeyd edib ki, göbələk toplanarkən yalnız yaxşı tanınan, sağlam və zədələnməmiş nümunələr seçilməli, yol kənarı, sənaye müəssisələrinin ətrafı, tullantı sahələri və çirklənmə ehtimalı yüksək olan ərazilərdən göbələk yığılmamalıdır.

Onun sözlərinə görə, toplandıqdan sonra göbələklər uzun müddət isti və nəm şəraitdə saxlanmamalı, mümkün qədər tez emal edilməli və soyuducuda saxlanmalıdır. Çürümüş, kiflənmiş, selikli və ya şübhəli görünən göbələklərdən istifadə edilməməlidir.

Mütəxəssis hazırlıq zamanı da gigiyena qaydalarına əməl edilməsinin vacibliyini bildirib. O qeyd edib ki, əllər, bıçaq, doğrama taxtası və digər avadanlıqlar təmiz olmalı, çarpaz çirklənmənin qarşısı alınmalıdır.

Göbələklərin yuyulmaması ilə bağlı fikrə də münasibət bildirən Fərid Səfərov bunun tamamilə doğru olmadığını deyib. Onun sözlərinə görə, göbələklər suyu özünə çəkə bildiyi üçün onları uzun müddət suda saxlamaq teksturasını və qızardılarkən səthinin yaxşı qızarmasını müəyyən qədər dəyişə bilər. Lakin bu, göbələyi ümumiyyətlə yumamaq üçün əsas deyil:

“Torpaq, qum və digər çirkləndiricilər görünən səthdə qala bilər”.

Mütəxəssis bildirib ki, ən düzgün yanaşma göbələyi uzun müddət suda islatmamaq, lakin üzərində torpaq və digər çirklər varsa, axar içməli su altında qısa müddətdə yaxşıca təmizləməkdir. Daha sonra kağız dəsmal və ya təmiz dəsmalla qurulamaq olar. Zədələnmiş və çirkli hissələr isə bıçaqla kəsilməlidir. Göbələklərin təmizlənməsi zamanı sabun, yuyucu vasitə və digər kimyəvi maddələrdən istifadə etmək olmaz.

“Yəni əsas prinsip belədir: yabanı göbələkdə ən böyük təhlükə onun yuyulması deyil, səhv identifikasiya edilməsidir. Göbələyin növünə tam əminlik yoxdursa, onu yeməmək ən təhlükəsiz seçimdir”.

Fərid Səfərov əlavə edib ki, göbələk qəbulundan sonra ürəkbulanma, qusma, qarın ağrısı, ishal və ya digər narahatlıq yaranarsa, xüsusilə əlamətlər bir neçə saat gecikmə ilə başlayıbsa, zəhərlənmə ehtimalı nəzərə alınmalı və təcili tibbi yardım üçün müraciət edilməlidir.

Sağlam qidalanaraq sağlam yaşayın!

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki