Təmir olunan binanın divarında təxminən 9 milyon avro dəyərində qızıl tapıldı

Belçikanın Dendermonde şəhərində təmir işləri zamanı binanın divarına gizlədilmiş təxminən 9 milyon avro dəyərində qızıl aşkarlanıb.

Referans Media xəbər verir ki, Belçika mətbuatında yayılan xəbərlərə görə, Flamand bölgəsində yerləşən Dendermonde şəhərində sosial yardım təşkilatı CAW-a məxsus köhnə binada təmir işləri aparan fəhlələr zirzəmi mərtəbəsində divarı sökərkən içərisində sandıq aşkar ediblər.

Tikinti şirkəti De Brand-ın əməkdaşlarının açdığı sandıqdan çoxlu sayda qızıl külçə və sikkə çıxıb. Bundan sonra bina sahibi CAW və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hadisə barədə polisə məlumat verildikdən sonra qızıllar müsadirə edilərək təhlükəsiz yerə aparılıb.

Şərqi Flandriya Prokurorluğu isə qızılların kimə məxsus olduğunu, binada nə vaxt və kim tərəfindən gizlədildiyini, həmçinin qanuni yollarla əldə edilib-edilmədiyini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.

Təxminən 9 milyon avro dəyərində olan xəzinənin son sahibinin kim olacağı hələlik müəyyən edilməyib.

Hadisənin yayılmasından sonra bölgəyə qızıl axtarmaq istəyən çox sayda insan gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki