Qəzza üçün yeni ssenari: Tramp 25 milyardlıq inşa layihəsini açıqladı

ABŞ prezidenti Donald Tramp administrasiyası İsrailin üç il davam edən hərbi hücumları nəticəsində demək olar ki, tamamilə dağıdılmış, iki milyona yaxın əhalinin yaşadığı Qəzza zolağı üçün iddialı “yenidənqurma planı”nı təqdim edib. Plan Qəzzanın müasir göydələnlərlə, iri turizm və logistika mərkəzləri ilə əhatələnmiş yeni bir şəhərə çevrilməsini nəzərdə tutur.

Referans Media xəbər verir ki, Trampın kürəkəni və daşınmaz əmlak sahəsində tanınmış sahibkar Jared Kuşner planı İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ictimaiyyətə təqdim edib. Kuşner bu məqsədlə Tramp tərəfindən yaradılmış və Qəzzada atəşkəsə nəzarət, eləcə də regional münaqişələrin müzakirəsi ilə məşğul olacaq Sülh Şurasının adından çıxış edib.

Donald Tramp özü də Qəzza zolağının Aralıq dənizi sahilində yerləşməsinin iqtisadi potensialını vurğulayaraq, inşaatçı kimi şəxsi təcrübəsinə istinad edib: “Dəniz kənarındakı bu mövqeyə baxın. Bu ərazi böyük iqtisadi imkanlara malikdir”, – deyə Tramp bildirib.

“Yeni Qəzza” necə olacaq?

Kuşnerin təqdim etdiyi slaydlar Qəzza zolağının 40 kilometrlik sahil xətti boyunca inşa ediləcək parlaq göydələnləri, iri otel komplekslərini və yeni şəhər mərkəzlərini əks etdirir. Plan İsrailin 7 oktyabr 2023-cü il hadisələrindən sonra həyata keçirdiyi hücumlar nəticəsində on minlərlə insanın həyatını itirdiyi Fələstin ərazisində köklü urbanistik dəyişiklikləri nəzərdə tutur.

Layihəyə əsasən, sahil boyunca dənizə baxan təxminən 180 yaşayış və otel göydələni, iri liman kompleksi və turizm zonası yaradılacaq. Qəzzanın daxili hissələrində isə yaşayış massivləri, parklar, idman obyektləri, sənaye zonaları, məlumat və logistika mərkəzləri salınacaq. Misir sərhədinə yaxın ərazidə yeni hava limanının tikintisi də planlaşdırılır.

İnşaat necə həyata keçiriləcək?

Kuşner bildirib ki, layihə dörd mərhələdə icra olunacaq və minimum 25 milyard dollar investisiya tələb edir. Tikinti işlərinə Qəzza zolağının cənubundan başlanacaq, şimala doğru mərhələli şəkildə davam etdiriləcək. Qəzza şəhəri isə yenidənqurmanın son mərhələsində bərpa olunacaq.

İlk inşa ediləcək ərazi İsrail hücumlarından ciddi zərər görmüş Rəfah şəhəri olacaq. Planlara əsasən, yeni Rəfahda 100 mindən çox yaşayış evi, 200 təhsil müəssisəsi, 180 mədəni və dini obyekt, 75 tibb mərkəzi fəaliyyət göstərəcək. Bildirilir ki, Rəfah sərhəd-keçid məntəqəsinin də yaxın günlərdə yenidən açılması nəzərdə tutulur.

Trampın komandasının hesablamalarına görə, layihə 2035-ci ilə qədər Qəzza iqtisadiyyatının həcmini 10 milyard dollara çatdıra və 500 mindən çox yeni iş yeri yarada bilər.

Plan nə dərəcədə realdır?

Kuşner çıxışı zamanı Qəzzanın yenidən qurulması üçün alternativ “B planı”nın olmadığını deyib və layihənin həyata keçirilməsini HƏMAS-ın tam silahsızlandırılması şərti ilə əlaqələndirib.

Lakin ekspertlər Davosda təqdim edilən planın konkret vaxt cədvəli və real investorlarla bağlı detalların olmaması səbəbindən hazırkı şəraitdə icrasının çətin olduğunu bildirirlər. İsrailin hücumlarının davam etməsi, atəşkəsin qeyri-sabitliyi və regiona beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı razılaşmaların ləngiməsi planın gələcəyini sual altına alır.

Bununla belə, “Yeni Qəzza” layihəsi artıq indidən beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə və kəskin reaksiyalara səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki