Qızım nə videolar çəkibsə, yaxşı eləyib – Fərhad Mehdiyev

“Kaş yaşayardı, daha çox elə çəkərdi”.

Referans Media xəbər verir ki, vəkil, professor Fərhad Mehdiyev motosiklet qəzasında həyatını itirən qızı ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, qızını sosial şəbəkələrdə qınayanlara kəskin cavab verib:

“Əzizlərim, ağrını başa düşmək olmur, onu ancaq hiss etmək olur, əgər o ağrını yaşayırsansa. Allah heç kəsə yaşatmasın. Yolda dayanan ağ rəngli “Mercedes” markalı avtomobilin sürücüsünün təqsiri barəsində: yayılan videodan tam məlum olmadığına görə, sürücünün dayanması ilə qəzanın arasında keçən zamana baxılmalıdır. Əgər sürücünün tədbir görməyə vaxtı olmayıbsa, o, baqajını açmalı və avtomobilin arxasında xəbərdaredici işarə qoymalı idi. Həmçinin onun avtomobilində olan nasazlıq öncədən təxmin oluna bilən nasazlıq olmayıbsa, o təqsirli sayılmayacaq.

Yox əgər sürücü avtomobilində olan nasazlıq haqda məlumatlı olubsa – bunu da ekspertiza müəyyən edir, belə halda yolun sol tərəfi ilə sürə bilməzdi və sağ tərəfdən sürülməli idi, üstəlik avtomobil dayandıqdan dərhal sonra sürücü arxaya keçərək 20 metrə arxadan xəbər edici nişan yerləşdirməyibsə, o zaman təqsirli sayılmalıdır”.

F.Mehdiyev qızının sənət və yaradıcılıq seçimlərinə yönələn qınaqlara da toxunaraq, tənqid sahiblərini sərt şəkildə qınayıb:

“Qızım aktrisa, model olmağa çalışırdı, mən o seçimini dəstəkləməsəm də… Bununla bağlı nə videolar çəkibsə, yaxşı eləyib. Kaş yaşayardı, çəkməyə davam edərdi, daha çox çəkərdi. Bəzi insanlar saxta əxlaq yanaşmaları ortaya qoyaraq onu qınamağa çalışsalar da, yazdıqları çox cılızdır. Bu fikirlər yazı sahibinin insanlıq, empatiya və vicdan hissindən mərhum olduqlarını göstərir”./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki