"Fənərbaxça" 2026–2027 mövsümü üçün baş məşqçi postuna İsmail Kartalın gətirildiyini rəsmən açıqlayıb. Sarı-göylü klub təcrübəli mütəxəssislə 1 illik müqavilə imzalayıb.
Referans Media xəbər verir ki, imzadan sonra ilk açıqlamasını verən İsmail Kartal duyğulu anlar yaşadığını bildirib. O, klub rəhbərliyinə təşəkkür edərək bu dönüşün onun üçün xüsusi məna daşıdığını vurğulayıb.
Kartal bildirib ki, prezidentin ona zəng edib halını soruşması onu çox təsirləndirib: “Çox xoşbəxtəm. Duyğular bir yerə qədərdir, bundan sonra reallıqlarla üz-üzəyik. Fənərbaxçanın hədəflərini bilirik və onların öhdəsindən gələcəyik.”
Klub rəhbərliyi isə yeni dövrdə ortaq idarəetmə modeli və uzunmüddətli idman layihəsi qurmaq istədiklərini açıqlayıb.
"Fənərbaxça"da digər diqqət çəkən dəyişiklik futbol direktoru postuna Oğuz Çətinin gətirilməsi oldu.
Bundan əlavə, klubun keçmiş futbolçularından olan Dirk Kuyt da komandaya qayıdır. Hollandiyalı mütəxəssis yeni mövsümdə İsmail Kartalın birinci köməkçisi kimi fəaliyyət göstərəcək.
Beləliklə, "Fənərbaxça" yeni mövsüm öncəsi həm texniki heyətdə, həm də idarəetmədə ciddi dəyişikliklərlə yeni səhifə açmağa hazırlaşır.
