Azərbaycanın bir qrup QHT rəhbərləri, hüquq müdafiəçiləri ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə məktub ünvanlayıblar. Məktubda konqresmen Brad Şermanın Ruben Vardanyan və digər müharibə cinayətkarlarının azad edilməsi, 907-ci düzəlişin qüvvədə saxlanması tələbi ilə bu Komitəyə təqdim etdiyi layihəyə kəskin etiraz edilir.
Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri bildiriblər ki, Brad Şermanın azadlığa buraxılmasını tələb etdiyi şəxslər Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş, yüzminlərlə insanın köçkün vəziyyətinə düşməsinə səbəb olmuş, mülki infrastrukturun və mədəni irsin dağıdılmasında, soyqırımı, ekosid, urbisid və mədəni qırğın aktlarında birbaşa rol oynamış müharibə cinayətkarlarıdır.
Referans Media xəbər verir ki ,Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, ABŞ siyasi elitasında hələ də ikitərəfli münasibətlərin inkişafında maraqlı olmayan qüvvələr var:
"Bu isə Ağ Evin siyasətinə qarşı çıxmaqdır. Çünki son proseslər, o cümlədən prezident Trampın müəyyənləşdirdiyi xarici siyasət kursu göstərir ki, Bakı ilə münasibətlər Vaşinqton üçün strateji əhəmiyyətlidir. Diqqətçəkən məqam ondan ibarətdir ki, amerikalı siyasətçi Azərbaycan üçün ən vacib məsələləri - 907- ci düzəlişi və cinayətkar Vardanyanın qaytarılması məsələsini müzakirəyə çıxarıb. Bu, təsadüfi deyil. Belə başa düşülür ki, ABŞ-dəki müəyyən siyasətçilər təkcə ikitərəfli münasibətlərin inkişafında yox, həm də Cənubi Qafqazdakı normallaşmadan narahatdırlar”.
Onun sözlərinə görə, konqresmenin səsləndirdiyi fikirlərin sifarişli olması mümkündür: “O baxımdan rəsmi Vaşinqton qeyd olunan məsələlərə münasibət bildirməlidir. Operativ reaksiya nəticəsində məlum ola bilər ki, parlamentarinin fikirləri Ağ Evin mövqeyini ifadə etmir. Əks halda fərqli rəy formalaşa bilər. Bu tip mövqelərin gələcəkdə də ortaya atılması mümkündür. Lakin tərəflər - Azərbaycan və ABŞ belə cəhdlərin ikitərəfli münasibətlərin inkişafına zərbə vurmasına imkan verməməlidir.
Düşünürəm ki, belə cəhdlər "suları bulandırmaq" üçündür".
