İsrail bu dəfə Aİ-nin xarici siyasət rəhbərini hədəf aldı: "Bütün təmasları dayandırırıq"

İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas ilə bütün diplomatik təmasların dayandırıldığını açıqlayıb.

Referans MEDİA bildirir ki, Nazir şəxsi "X" hesabında paylaşdığı bəyanatda Kallası İsrailə qarşı "iftira kampaniyası" aparmaqda ittiham edib. O bildirib ki, Kallas İsraillə bağlı səsləndirdiyi iddia edilən fikirlərini geri götürənədək onunla bütün diplomatik əlaqələr dayandırılacaq.

Saarın sözlərinə görə, Kallas Meksikaya səfəri zamanı qapalı görüşlərdə İsrailin fələstinlilərə qarşı siyasətini Cənubi Afrikada mövcud olmuş aparteid rejimi ilə müqayisə edib. İsrailli nazir iddia edib ki, bu açıqlamalarla bağlı indiyədək Kallas tərəfindən nə təkzib, nə də izahat verilib.

"Buna görə də İsrail dövlətinin xarici işlər naziri kimi, dünyadakı yeganə yəhudi dövlətinə və Yaxın Şərqin yeganə demokratiyasına qarşı irəli sürülən bu iftira geri götürülənə qədər Kaja Kallasla bütün təmasları dayandırmaqdan başqa seçimim yoxdur", – deyə Saar vurğulayıb.

Xatırladaq ki, may ayında Kallasın Meksikada keçirdiyi görüşlər zamanı İsrailin Fələstin siyasətini Aparteid rejiminə bənzətdiyi barədə yayılan məlumatlar Avropa İttifaqında da müzakirələrə səbəb olmuşdu.

Bir sıra Aİ diplomatları bu fikirlərin Birliyin rəsmi mövqeyini əks etdirmədiyini bildirərək, belə bəyanatların problem yaratdığını qeyd ediblər.

Digər tərəfdən, İspaniya, İrlandiya və Sloveniya da daxil olmaqla bəzi üzv ölkələr İsrail rəsmilərinə qarşı sanksiyaların tətbiqini və daha sərt tədbirlərin görülməsini tələb etsələr də, Avropa İttifaqı daxilində bu məsələ ilə bağlı vahid mövqe formalaşmayıb. Buna görə də Kallas üzv dövlətlər arasında fikir ayrılıqlarını aradan qaldıra bilmədiyi üçün tənqid olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki