Jorje Jezusun yeni ünvanı bəlli olur: Dünya Kubokundan sonra milli komandaya gedir?

Səudiyyə Ərəbistanında fəaliyyət göstərən "Əl-Nəsr"lə uğur qazandıqdan sonra komanda ilə yollarını ayıran təcrübəli çalışdırıcı Jorje Jezusun növbəti ünvanı ilə bağlı iddialar gündəmi zəbt edib. Bir müddət əvvəl onun yenidən "Fənərbaxça"ya qayıda biləcəyi barədə xəbərlər yayılsa da, son məlumatlar fərqli istiqaməti göstərir.

Referans Media xəbər verir ki, Portuqaliya mətbuatında yer alan xəbərlərə görə, 2026 Dünya Kubokundan sonra Portuqaliya millisində texniki heyət dəyişikliyi baş verə bilər. Hazırkı baş məşqçi Roberto Martinez ilə yolların ayrılması ehtimalı fonunda federasiyanın əsas namizədlərindən birinin Jorge Jesus olduğu bildirilir.

İddialara əsasən, Jorje Jezus da bu varianta müsbət yanaşır və məşqçilik karyerasını tamamlamadan əvvəl öz ölkəsinin milli komandasında işləməyi vacib hədəflərindən biri hesab edir.

Hazırda rəsmi qərar açıqlanmasa da, Portuqaliyanın Dünya Kubokundakı nəticələrinin prosesə birbaşa təsir göstərəcəyi vurğulanır. Turnir başa çatdıqdan sonra tərəflər arasında danışıqların sürətlənəcəyi və yekun qərarın veriləcəyi gözlənilir.

Hələlik bu məsələ ilə bağlı rəsmi təsdiq yoxdur və xəbərlər iddia səviyyəsində qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki