2020-ci il Vətən müharibəsindən sonra Cənubi Qafqazda gedən proseslərin böyük əksəriyyətindən Rusiya faktiki olaraq kənarlaşdırılıb. Bu prosesdə Ermənistanın Moskvanı məqsədli şəkildə regional proseslərdən uzaqlaşdırmaq siyasəti mühüm rol oynayıb. Rusiya müharibədən sonra bölgədə gedən normallaşma proseslərində iştirak etməklə mövqeyini qorumağa çalışsa da, buna nail ola bilməyib və postmüharibə mərhələsində demək olar ki, tamamilə proseslərdən çıxarılıb. Hazırda Rusiyanın bölgəyə geri qayıtmaq imkanları olduqca məhduddur. Ermənistanın ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalaması və təhlükəsizlik sahəsində bir sıra razılaşmalar əldə etməsi Moskvanın İrəvana kobud güc yolu ilə təsir imkanlarını minimuma endirib.
Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, mövcud şəraitdə Rusiya Ermənistana birbaşa təzyiq göstərə bilmədiyi üçün alternativ təsir mexanizmlərinə üstünlük verir və bu baxımdan Zəngəzur dəhlizi Moskva üçün bölgədə qalmağın yeganə reallaşmamış imkanına çevrilib.
Politoloqun sözlərinə görə, Rusiya yaxşı anlayır ki, əgər Zəngəzur dəhlizi Rusiyanın iştirakı olmadan reallaşarsa, bu, Moskvanın Cənubi Qafqazdan həm iqtisadi, həm logistik, həm də geosiyasi baxımdan tamamilə sıxışdırılıb çıxarılması demək olacaq. Məhz buna görə də Rusiya, ABŞ və Ermənistan arasında aparılan proseslərə baxmayaraq, müxtəlif vasitələrlə dəhliz layihəsinə müdaxilə etməyə çalışır. Kreml nümayəndələrinin Ermənistan dəmir yollarının bərpası ilə bağlı Paşinyanın müraciətinin araşdırıldığını bəyan etməsi də bu cəhdlərin tərkib hissəsidir.
Aydın Quliyev qeyd edib ki, Rusiya Ermənistan dəmir yollarının bərpası mövzusuna Zəngəzur dəmir yolunu da daxil etməyə çalışsa da, artıq bu proses ABŞ-ın himayəsi altındadır və Moskvanın layihədə payçı və ya icraçı kimi iştirakı real görünmür. Politoloqun fikrincə, Zəngəzur dəhlizi yaxın dövrdə ABŞ–Rusiya arasında ciddi diplomatik qarşıdurma mövzularından birinə çevriləcək.
Gülnaz Abdullazadə
