Azərbaycanın buğda idxalında illərdir əsas tərəfdaş olan Rusiya mövqeyini sürətlə itirir. 2025-ci ilin ilk beş ayının nəticələrinə əsasən, ölkəmiz idxal etdiyi 509,23 min ton yumşaq buğdanın 88 faizini – yəni 449,39 min tonunu Qazaxıstandan alıb. Bu, ötən illə müqayisədə ciddi dəyişiklikdir. Belə ki, 2024-cü ilin eyni dövründə Mərkəzi Asiya ölkəsindən buğda idxalı ümumiyyətlə qeydə alınmamışdı. Əvəzində həmin dövrdə Rusiyadan 328,54 min ton buğda gətirilmişdi. 2025-ci ildə isə Rusiyadan idxal olunan buğdanın həcmi cəmi 59,84 min tona düşüb ki, bu da ötən illə müqayisədə 82 faiz azalma deməkdir.
Azərbaycanın buğda idxalında Qazaxıstana üstünlük verməsi və Rusiya ilə ticarətin kəskin azalması iki ölkə arasındakı iqtisadi münasibətlərə necə təsir edəcək? Ticarət sahəsində Moskvanın yerini gələcəkdə hansı ölkələr tuta bilər?
Referans xəbər verir ki, Globalinfo.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, Azərbaycanın xarici ticarət siyasəti geosiyasi səbəblərdən zaman-zaman dəyişə bilər.
Onun sözlərinə görə, idxal olunan məhsulların qiyməti və keyfiyyəti də ticari tərəfdaş ölkələrin dəyişməsində mühüm rol oynayır:
“Qiymət məsələsinə gəldikdə, Rusiya hazırda müharibə şəraitindədir. Bu da qıtlıq yaradır, nəticədə tələb təklifi üstələyir. Həmçinin daxili və xarici bazarların eyni vaxtda təmin olunması qiymətlərə birbaşa təsir göstərir. Keyfiyyət məsələsində isə qeyd etmək lazımdır ki, bəzi ölkələr xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalında artıq ixtisaslaşıb. Qlobal iqtisadiyyatda rəqabət daim mövcuddur və olacaq. İstehsalçı ölkələr ixrac bazarlarını itirməmək üçün davamlı şəkildə özlərini inkişaf etdirir, həm məhsulun keyfiyyətini artırmağa, həm də maya dəyərini sabit saxlamağa çalışırlar. Qazaxıstan da belə ölkələrdən biridir. Cənubi Qafqazda həm nüfuzu artıb, həm də inkişaf etmiş texnologiyalara sahibdir”.
İqtisadçı əlavə edib ki, Azərbaycanın buğda idxalında Rusiyadan asılılığı azaltması və alternativ bazarlara yönəlməsi ilk növbədə siyasi xarakter daşıyır:
Günay Hüseynova
“Daha sonra isə bu qərara keyfiyyət və qiymət faktorları təsir edir. Geosiyasi səbəblərin başlıca amili ABŞ-ın Rusiya da daxil olmaqla, müəyyən ölkələrə tətbiq etdiyi sanksiyalardır. Azərbaycanın həm ABŞ, həm də Avropa ilə iqtisadi-ticari əməkdaşlığı yüksək səviyyədədir. Amerika Prezidenti Donald Tramp da çıxışlarında Azərbaycana dair iqtisadi əməkdaşlıqdan məmnunluğunu dəfələrlə ifadə edib. Azərbaycanın iqtisadi-siyasi mövqeyini qoruması da bu baxımdan anlaşılandır”.
Günay Hüseynova qeyd edib ki, Azərbaycan uzun illərdir Rusiyadan buğda idxal etsə də, alternativ bazarlar hər zaman mövcud olub:
“Bugünkü vəziyyət onu göstərmir ki, biz qəfil siyasi səbəblərlə qorxaraq Rusiya bazarından imtina etmişik. Əvvəlki illərdə də Qazaxıstandan buğda idxal olunub. Sadəcə olaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən görüşlər və iqtisadi inteqrasiya bu prosesi daha da sürətləndirib”.
İqtisadçının sözlərinə görə, Azərbaycanın buğda idxalı heç vaxt 100 faiz Rusiya ilə məhdudlaşmayıb:
“Alternativ mənbə olaraq Qazaxıstan, Ukrayna və Türkiyədən də buğda idxal etmişik. Rusiya ilə ticarət əlaqələrinin nisbətən zəifləməsi bu ölkələrin idxal payının artmasına səbəb ola bilər”.
İqtisadçı Fuad İbrahimovun dediklərinə görə, faktlar onu göstərir ki, Azərbaycanın buğda idxalında tərəfdaş ölkələr baxımından əhəmiyyətli dəyişiklik baş verib:
“Təkcə bu sektor üzrə deyil, ümumilikdə ticarət münasibətlərində də müəyyən dəyişikliklərin müşahidə olunduğu aydın görünür. Burada məsələyə kompleks yanaşmaq vacibdir. Birincisi, nəzərə almaq lazımdır ki, son dövrlərdə – xüsusilə təyyarə hadisəsindən sonra və eləcə də regionda baş verən son proseslərin fonunda Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən dinamika müşahidə olunur. Bununla yanaşı, Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyaların da dolayı yolla ticarət dövriyyəsinə təsir göstərdiyi danılmazdır. Sanksiyalar şəraitində Azərbaycan öz ticarət əməliyyatlarını diversifikasiya etməyə, alternativ regionlara yönəlməyə məcbur qalır. Bu isə, əslində, Azərbaycanın milli maraqlarına uyğun olan daha çevik və dayanıqlı bir iqtisadi modelin qurulmasına təkan verir”.
İqtisadçı deyib ki, hazırda Rusiya bazarını tam şəkildə əvəzləmək mümkün olmasa da, bu proses mərhələli şəkildə həyata keçirilə bilər:
“Çünki uzun illər ərzində iki ölkə arasında qarşılıqlı inteqrasiya olunmuş və şaxələnmiş bir ticarət əlaqələri sistemi formalaşıb. Bu münasibətləri bir anda tam dəyişdirmək reallığa uyğun deyil. Lakin buğda məsələsi bu dəyişikliklərin konkret nümunəsi kimi diqqət çəkir. Qazaxıstanla aparılan idxal əməliyyatları göstərir ki, Azərbaycan artıq bu sahədə alternativ bazarlara üstünlük verməyə başlayıb. Qazaxıstanla ticarət əməkdaşlığımız eyni zamanda, Türk Dövlətləri Təşkilatında üzərimizə götürdüyümüz öhdəliklərə də uyğundur. Ticarət dövriyyəsinin artırılması ilə bağlı qarşıya qoyulan hədəflərə çatmaq üçün bu cür əməkdaşlıqlar zəruridir və mövcud siyasi-iqtisadi strategiyamızla uzlaşır”.
Fuad İbrahimovun sözlərinə görə, taxıl məsələsi strateji əhəmiyyət daşıdığı üçün dövlətin xüsusi nəzarətindədir:
“Bu sahədə hökumət tərəfindən atılan addımlar diversifikasiya və sığorta tədbirləri ilə müşahidə edilir. Bundan əlavə, ölkənin kifayət qədər ehtiyat fondu mövcuddur və bu baxımdan hər hansı təhlükəli vəziyyətin yaranacağı gözlənilmir. Nəticə etibarilə, Rusiya bazarının tam şəkildə gündəmdən çıxarılması hələ tezdir. Lakin prosesin mərhələli şəkildə davam etdirilməsi və alternativ bazarlarla əməkdaşlığın genişləndirilməsi real və məqsədyönlü bir yanaşmadır”.