Mercedes-Benz-dən gözlənilməz nəticə: Mənfəət yüksəldi, gəlirlər azaldı

Mercedes-Benz üç ildən sonra ilk dəfə rüblük mənfəətində illik artım qeydə alıb. Buna baxmayaraq, şirkətin gəlirləri və avtomobil satışları azalıb.

Referans MEDİA xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, Alman avtomobil istehsalçısının 2026-cı ilin aprel–iyun ayları üzrə xalis mənfəəti 1,09 milyard avro təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz çoxdur və son üç ildə ilk illik rüblük mənfəət artımı hesab olunur.

Şirkət 2025-ci ilin ikinci rübündə təxminən 960 milyon avro mənfəət əldə etmişdi.

Bununla belə, 2026-cı ilin ikinci rübündə gəlirlər 3,3 faiz azalaraq 32 milyard avroya düşüb.

Ən yüksək nəticələr şirkətin yüngül kommersiya avtomobilləri (van) bölməsində qeydə alınıb. Bu seqmentdə satışlar 46 faiz, maliyyə xidmətləri bölməsinin əməliyyat mənfəəti isə 70 faiz artıb.

Hesabat dövründə minik avtomobillərinin satışı təxminən 8 faiz azalaraq 417 min ədəd təşkil edib. Mercedes-Benz bunu əsasən Çin bazarındakı çətin vəziyyətlə əlaqələndirib. Belə ki, şirkətin Çində satışları ikinci rübdə 30 faiz geriləyib. Çin bazarı nəzərə alınmadıqda isə minik avtomobillərinin qlobal satışları 2 faiz artıb.

Mercedes-Benz eyni zamanda 2026-cı il üzrə maliyyə proqnozunu da aşağı salıb. Şirkət yaz aylarında gəlir və satışların 2025-ci il səviyyəsində qalacağını gözləsə də, hazırda hər iki göstəricinin ötən ildən aşağı olacağını proqnozlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki