“Kapital Bank” ASC-nin ümumi kredit portfeli bu ilin ilk yarısında 5 milyard 953,95 milyon manata yüksəlib.
Referans Media xəbər verir ki, ilin əvvəli ilə müqayisədə portfel 533,96 milyon manat və ya 9,9% artıb.
Amma paralel olaraq bankın vaxtı keçmiş kreditləri daha kəskin artıb. Belə ki, 30 gündən artıq vaxtı keçmiş kreditlər ilin əvvəlindəki 158,17 milyon manatdan 195,09 milyon manata qalxıb. Başqa sözlə, vaxtı keçmiş kreditlər altı ayda 36,92 milyon manat və ya 23,3% artıb. Onların ümumi kredit portfelində payı isə 2,92%-dən 3,28%-ə yüksəlib.
Vaxtı keçmiş kreditlərin böyük hissəsi istehlak kreditlərinin payına düşüb. İstehlak kredit portfeli ilin əvvəlindəki 3 milyard 135,75 milyon manatdan 3 milyard 323,22 milyon manata yüksəlib. Vaxtı keçmiş istehlak kreditləri isə 108,49 milyon manatdan 130,36 milyon manata çatıb. Beləliklə, istehlak kredit portfeli 6%, vaxtı keçmiş istehlak kreditləri isə 20,2% artıb. Vaxtı keçmiş kreditlərin istehlak portfelində payı 3,46%-dən 3,92%-ə yüksəlib.
Biznes kredit portfeli hesabat dövründə 1 milyard 693,25 milyon manatdan 2 milyard 44,63 milyon manata, bu istiqamətdə vaxtı keçmiş kreditlər isə 42,13 milyon manatdan 55,79 milyon manata çatıb. Yəni biznes kredit portfeli 20,8% artdığı halda, vaxtı keçmiş biznes kreditləri 32,4% yüksəlib.
Maraqlıdır ki, bankın daşınmaz əmlak kredit portfeli 590,99 milyon manatdan 586,10 milyon manata enib. Buna baxmayaraq, bu kateqoriya üzrə vaxtı keçmiş kreditlər 7,56 milyon manatdan 8,94 milyon manata yüksəlib. Beləliklə, daşınmaz əmlak kredit portfeli 0,8% azaldığı halda, vaxtı keçmiş kreditlər 18,4% artıb. Onların portfeldə payı 1,28%-dən 1,53%-ə yüksəlib.
Bankın bir ildən artıq gecikdirilən kreditləri də kəskin artıb. Bu kreditlərin həcmi ilin əvvəlindəki 24,71 milyon manatdan bu ilin ilk yarısının sonunda 42,43 milyon manata yüksəlib. Beləliklə, bir ildən artıq gecikmiş kreditlər altı ayda 17,72 milyon manat və ya 71,7% artıb.
Ümumilikdə, təhlil göstərir ki, hesabat dövründə bankın kredit portfeli böyüsə də, vaxtı keçmiş kreditlər daha sürətlə artıb. Bu isə kredit portfelinin keyfiyyətinin müəyyən qədər zəiflədiyini göstərir./Plat.az/
