Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan Wildberries ətrafında maliyyə qalmaqalı böyüyür. Şirkətin qurucusu, ölkənin ən varlı qadını Tatyana Kim (Bakalçuk) baş direktor vəzifəsindən ayrılıb. Bu arada platformanın satıcıları ödənişlərini ala bilmədiklərindən şikayətlənir, şirkətin maliyyə problemlərinin isə dövlətin üzərinə qoyulduğu iddia edilir.
Referans Media Rusiya mediasına istinadən xəbər verir ki, Tatyana Kimin yerinə Aleksey Kulikov təyin olunub.
O, senator Süleyman Kərimov və Rusiya Prezident Administrasiyası ilə əlaqələndirilən Mirzoyan qardaşlarına yaxın şəxs kimi təqdim edilir.
Nəşr iddia edir ki, Avropa İttifaqının sanksiyalarından sonra şirkətin idarəçiliyində dəyişikliklər sürətlənib və biznes üzərində təsir imkanları hakimiyyət dairələrinə yaxın şəxslərin əlinə keçir.
Satıcılar pullarını ala bilmir
Araşdırmada Wildberries vasitəsilə məhsul satan sahibkarların ciddi maliyyə çətinlikləri ilə üzləşdikləri bildirilir.
Onların bir qismi satılmış məhsulların pulunu və anbarlarda baş vermiş yanğınlarla bağlı kompensasiyaları aylarla ala bilmədiklərini deyir. Bəzi sahibkarlar borclarını ödəmək üçün hətta şəxsi mənzillərini satmağa məcbur qaldıqlarını bildirirlər.
Şirkətə qarşı məhkəmə iddialarının artdığı, alıcıların və istehsalçıların isə platformada saxta brend məhsulların satışından şikayətləndikləri qeyd olunur.
Şirkəti dövlətin hesabına xilas edirlər?
“Mojem obyasnit” nəşrinin iddiasına görə, Wildberries-in maliyyə problemlərinin aradan qaldırılmasında Rusiyanın dövlət nəzarətində olan VTB bankından istifadə edilir.
Araşdırma müəllifləri hesab edirlər ki, bunun nəticəsində şirkətin problemlərinin maliyyə yükü dolayısı ilə əhalinin üzərinə düşə bilər. İddia olunur ki, platformada qiymətlərin artması və satış şərtlərinin dəyişməsi də istehlakçılara mənfi təsir göstərir.
Tatyana Kimin 460 milyonluq maaşı və xaricdəki biznesi
Araşdırmada Tatyana Kimin Wildberries-də rəsmi əməkhaqqının 460 milyon rublu keçdiyi bildirilir.
Nəşrin məlumatına görə, iş qadını Moskva ətrafındakı elit yaşayış məntəqəsində, sahəsi təxminən 800 kvadratmetr olan evdə yaşayır.
Eyni zamanda onun biznes fəaliyyətinin xaricə genişləndiyi iddia olunur. Araşdırmada Wildberries brendi ilə əlaqələndirilən layihələrin Türkiyədəki hotellərdə və Misirdəki turizm xidmətlərində ortaya çıxdığı bildirilir./Musavat.com/
