Türkiyəli müğənni və aktyor Emre Altuğ İzmirin Çeşmə rayonunda yerləşən daşınmaz əmlakında icazəsiz tikililər inşa etdiyi iddiası ilə məhkəməyə çıxarılacaq. Onun barəsində 10 ilədək həbs cəzası tələb edilib.
Referans Media xəbər verir ki, Çeşmə bələdiyyəsinin şikayətindən sonra hazırlanan ittiham aktında Altuğ barəsində "Mədəni və təbii sərvətlərin qorunması haqqında" qanunu pozmaq və "şəhərsalma qaydalarının pozulmasına səbəb olmaq" ittihamları irəli sürülüb.
Bələdiyyə Altuğun Musalla məhəlləsindəki torpaq sahəsində hovuz, maşın avadanlıqları üçün otaq və birmərtəbəli tikililər inşa etdiyini müəyyən edib.
Torpaq sahəsinin mühafizə olunan ərazidə yerləşdiyini bildirən bələdiyyə tikililərin lazımi icazələr alınmadan inşa edildiyini iddia edib. Qanun pozuntularının verilən müddətdə aradan qaldırılmadığı, bundan sonra isə tikililərin söküldüyü qeyd olunub.
Bələdiyyənin şikayəti əsasında Çeşmə prokurorluğu tərəfindən araşdırma başlanılıb. Emre Altuğ ittihamları rədd edib.
İstintaq çərçivəsində ifadə verən müğənni bələdiyyənin qərarının ona qanunsuz şəkildə təqdim edildiyini bildirib. O, qərardan xəbər tutduqdan sonra onun ləğvi ilə bağlı məhkəməyə müraciət etdiyini deyib.
Prokurorluğun hazırladığı ittiham aktında müğənniyə qarşı irəli sürülən ittihamlar üzrə 3 ildən 10 ilədək həbs cəzası tələb olunur./Oxu.az/
