Səhiyyə naziri və Elm və Təhsil naziri Qarabağ Universitetinin Klinikasında olublar

Səhiyyə naziri Teymur Musayev və Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər ediblər.
Səfər çərçivəsində qonaqlar əvvəlcə Qarabağ Universitetinin əsas binası ilə tanış olub, universitet rəhbərliyi tərəfindən həyata keçirilən təhsil və inkişaf strategiyası barədə məlumatlandırılıblar. Daha sonra nümayəndə heyəti Tibb və sağlamlıq elmləri fakültəsinin tədris infrastrukturu – auditoriyalar, tədqiqat və tədris laboratoriyaları, həmçinin Simulyasiya Mərkəzi ilə yaxından tanış olub. Qonaqlara praktik bacarıqların inkişafına yönəlmiş tədris imkanları və tələbələrin peşəkar hazırlığı üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti daha sonra Qarabağ Universitetinin Klinikasına baş çəkərək klinikanın şöbələri, laboratoriyaları, müasir tibbi avadanlıqları və səhiyyə xidmətlərinin təşkili ilə tanış olub. Eyni zamanda tələbə yataqxanası ilə də tanışlıq olub.

Rəsmi proqram çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev fakültənin tələbələri, akademik heyəti və klinikanın əməkdaşları ilə görüş keçiriblər. Görüş zamanı ölkədə tibb təhsilinin inkişafı, səhiyyə sistemində insan resurslarının gücləndirilməsi, gənc həkimlərin hazırlığı və elmi-tədqiqat fəaliyyətinin təşviqi məsələləri müzakirə olunub.

İnteraktiv formatda keçən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nazirlər iştirakçıların suallarını cavablandıraraq dövlətin təhsil və səhiyyə sahələrinin inkişafına yönəlmiş prioritetləri barədə məlumat verib, səhiyyə sahəsində aparılan islahatlarla bağlı fikirlərini bölüşüb, gənclərin peşəkar inkişafına və keyfiyyətli tibb təhsilinin təmin edilməsinə xüsusi önəm verildiyini vurğulayıblar.

Görüş zamanı Qarabağ Universitetinin regionda yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında oynadığı rol, universitet-klinika modelinin üstünlükləri, eləcə də Qarabağda müasir səhiyyə və təhsil ekosisteminin formalaşdırılması istiqamətində görülən işlər diqqət mərkəzində olub.
Tədbir bədii hissə ilə davam etdirilib.

Səfər iştirakçıların xatirə fotosu çəkdirməsi ilə yekunlaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki