Sığortanı ödəməyənlər yola çıxa bilməyəcək: Yeni qiymətlər qüvvəyə mindi

Türkiyədə Sığorta Məlumat və Nəzarət Mərkəzi (SBM) 2026-cı ilin iyul ayından etibarən qüvvədə olacaq icbari avtomobil sığortası tariflərini açıqlayıb. Yeni qərara əsasən, sığorta haqları 4 faiz artırılıb və yenilənmiş qiymətlər artıq qüvvəyə minib.

Referans Media xəbər verir ki, yeni tarifə görə, İstanbulda risk dərəcəsi üzrə dördüncü pillədə olan minik avtomobili üçün icbari sığorta haqqı 18 min 789 lirə təşkil edir. Ən riskli – sıfırıncı pillədə olan sürücülər isə 56 min 367 lirə, ən aşağı risk qrupunda olanlar isə 9 min 395 lirə ödəyəcəklər.

Kommersiya nəqliyyat vasitələri üçün sığorta haqları daha yüksək müəyyən edilib. İstanbulda taksilər üçün ən yüksək sığorta haqqı 160 min 593 lirəyə, 31 və daha çox oturacaq yeri olan avtobuslar üçün isə rekord həddə – 394 min 539 lirəyə çatıb.

Qanunvericiliyə əsasən, icbari avtomobil sığortası olmadan yola çıxan sürücülər 2026-cı il üçün 1 246 lirə məbləğində inzibati cərimə ilə üzləşəcəklər. Bundan əlavə, avtomobil sığorta rəsmiləşdirilənədək hərəkətdən kənarlaşdırıla bilər.

Sığortasız avtomobil yol-nəqliyyat hadisəsinə səbəb olarsa, sürücü həm əlavə cərimə ödəyəcək, həm də qarşı tərəfə dəyən bütün maddi zərəri şəxsi vəsaiti hesabına qarşılamaq məcburiyyətində qalacaq.

Sığortanın yenilənməsini gecikdirən avtomobil sahibləri üçün də əlavə ödəniş tətbiq edilir. Gecikdirilən hər 30 gün üçün sığorta haqqına 5 faiz əlavə hesablanacaq və bu artım ümumilikdə 50 faizə qədər yüksələ bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki