Stand-up şousu qalmaqala səbəb oldu: Deniz Göktaş saxlanıldı

Stand-up çıxışları ilə tanınan komediyaçı Deniz Göktaş, etdiyi çıxışlarla bağlı açılan istintaq çərçivəsində hava limanında saxlanılıb.

Referans Media xəbər verir ki, Göktaşın “Ölü Deniz” adlı stand-up şousunda Qurani-Kərim və vəhy prosesi ilə bağlı dediyi ifadələr sosial mediada geniş müzakirələrə səbəb olub. Bunun ardından İstanbul Cumhuriyyət Başsavcılığı tərəfindən “cəmiyyətin bir hissəsinin mənimsədiyi dini dəyərləri açıq şəkildə aşağılama” maddəsi ilə istintaq başladılıb.

İddialara görə, komediyaçı 2 iyul 2026-cı ildə xaricdən ölkəyə qayıdarkən İstanbul Hava Limanında pasport nəzarəti zamanı saxlanılıb.

Başsavcılıq tərəfindən verilən açıqlamada Göktaş barəsində eyni mövzu ilə bağlı 185 CİMER şikayəti olduğu, bütün müraciətlərin birləşdirilərək qiymətləndirildiyi bildirilib. Saxlanma prosesi İstanbul Təhlükəsizlik Şöbə Müdirliyi tərəfindən həyata keçirilib.

Hadisə ictimaiyyətdə geniş rezonans doğurarkən, bəzi siyasi fiqurlar da məsələyə münasibət bildirib. BBP sədri Mustafa Destici sərt açıqlama verərək dini dəyərlərə qarşı ifadələrin qəbulolunmaz olduğunu vurğulayıb.

Deniz Göktaş 1994-cü ildə Ankarada anadan olub. ODTÜ-də təhsil alıb, daha sonra stand-up sahəsində fəaliyyətə başlayıb və xüsusilə YouTube-da yayımlanan çıxışları ilə geniş auditoriya qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki