Qış transfer pəncərəsində heyətində ciddi dəyişikliklər etməyə hazırlaşan “Qalatasaray”da Gabriel Saranın mümkün ayrılığı gündəmə gəlib. Avropanın bir sıra tanınmış klublarının maraq göstərdiyi braziliyalı yarımmüdafiəçinin gedişindən sonra İstanbul təmsilçisinin əvəzləyici planı da bəlli olub.
Referans Media xəbər verir ki, İtaliyanın “Napoli” və “Roma”, İngiltərənin “Aston Villa” və “Brayton” klublarının Gabriel Sara ilə maraqlandığı bildirilir. “Qalatasaray” rəhbərliyi futbolçunun satışından əldə ediləcək gəlirlə yarımmüdafiə xəttinə daha güclü oyunçu cəlb etməyi planlaşdırır.
Türkiyə klubunun əsas hədəfinin “Yuventus”da çıxış edən niderlandlı Teun Koopmeyners olduğu iddia edilir. İstanbul təmsilçisi Saranın ayrılacağı təqdirdə 28 yaşlı futbolçunu icarəyə götürmək üçün yanvar ayında Turin klubu ilə danışıqlara başlamağı nəzərdə tutur.
Qeyd edək ki, “Yuventus” Koopmeynersi 2024-cü ilin yayında “Atalanta”dan 58,4 milyon avroya transfer edib. 2029-cu ilədək müqaviləsi olan yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 15 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. O, həmin qarşılaşmaların yalnız 7-də start heyətində yer alıb.
Hələlik tərəflər arasında rəsmi razılaşma yoxdur. Transferin reallaşması Gabriel Saranın mümkün satışından və “Yuventus”un Koopmeynerslə bağlı qərarından asılı olacaq.
