image-baku-bussbackend

SON DƏQİQƏ: Bu marşrutlarda gediş haqqı artırılacaq

Yanvarın 17-dən etibarən Bakı–Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik müəyyən edilib. Qərar ictimaiyyətdə tarif artımının digər şəhərdaxili və şəhərətrafı marşrutlara da şamil edilə biləcəyi ilə bağlı suallar yaradıb. Bəs, tarif artımı mərhələli şəkildə digər şəhərdaxili və şəhərətrafı marşrutlara da şamil edilə bilərmi?

Referans Media xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bu il hökumət qurumları arasında ən çox iclas keçirən məhz Tarif Şurasıdır. Onun sözlərinə görə, Tarif Şurası ilin əvvəlindən etibarən bir neçə dəfə toplanıb və hər iclasda müxtəlif sahələr üzrə qiymət artımı ilə bağlı qərarlar qəbul olunub.

V. Oruc qeyd edib ki, son qərar 594 və 595 nömrəli ekspres marşrutlarda gedişhaqqının təxminən 12 faiz artırılaraq 90 qəpik müəyyən edilməsi ilə bağlıdır:

“Düşünürəm ki, tariflərdə mərhələli şəkildə artım prosesi davam edəcək. Xüsusilə, nəqliyyat marşrutlarında qiymət artımı qaçılmaz görünür. Çünki yanacaq qiymətlərində, xüsusən də Aİ-92 və dizel yanacağında baş verən artımlar marşrutların xidmət maya dəyərini yüksəldib. Dizel yanacağı 10 faiz, Aİ-92 isə təxminən 5 faiz bahalaşıb”.

Ekspertin sözlərinə görə, nəqliyyat tariflərinin 12 faizə yaxın artırılması ilk növbədə xidmətin maya dəyərində yaranan itkilərin kompensasiyasına xidmət edir:

“Bu artım təkcə sözügedən marşrutlarla yekunlaşmayacaq. Daha çox sərnişin daşınan, əsas yükü üzərinə götürən digər avtobuslarda da qiymət artımı ehtimalı var”.
V.Oruc əlavə edib ki, tarif artımının mərhələli şəkildə həyata keçirilməsi mövcud qiymət siyasətinin əsas xüsusiyyətidir:

“Bu addım vətəndaşların eyni anda bütün ölkə üzrə qiymət artımı ilə üzləşməməsi məqsədi daşıyır. Hazırkı mərhələli yanaşma da məhz bundan irəli gəlir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki