Ölkəmizdə yerli sənaye nə üçün bu qədər zəifdir. Azərbaycanda istehsalının inkişafı üçün münbit şərait olan bəzi sahələr niyə bərbad vəziyyətdədir? Çıxış yolu nədir?
Mövzu ilə bağlı vergi məsələləri üzrə ekspert Radil Fətullayev Referans.az-a açıqlamasında bildirib ki, Bildiyiniz kimi, cənab Prezidentin fərmanı əsasında 7 il bundan öncə qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fiziki şəxsin gəlir vergisi 7 il müddətinə 8 min manat məbləği qədər güzəşt edilib. Yəni bu o deməkdir ki, qeyri-neft sektorunda çalışan işçilər 8 min manatadək əməkhaqqı aldıqları zaman onlar gəlir vergisinə cəlb olunmurdu. Əksinə olaraq Sosial Sığorta ödənişləri bunu əvəz etmiş oldu. Yəni ümimilikdə Sosial Sığorta ödənişlərində müəssisənin payı artırıldı. Beləliklə də dövlət büdcəsinə ödənilən məbləğ ümumilikdə, yəni həm fiziki şəxslərdən tutulan həmçinin müəssisənin ödədiyi məbləğ 30 faizə qaldırıldı.
Ekspertin fikrincə, burada ayın axırı differensial ödənişlər də var, 22 faiz, 3 faiz və sairə. İndi artıq Milli Məclisdə yeni məcəllənin qəbulu ilə bağlı müzakirələr gedir. Burada ilkin müzakirələrdən də belə məlum olur ki, həmin güzəşt ləğv ediləcəkdir.
Bu güzəştin ləğv edilməsi nələrə səbəbə ola bilər?
Radil Fətullayev onu da qeyd edib ki, əgər ləğv olma baş verərsə o zaman belə deyək ki, dövlət büdcəsinə ödənilən zatən işçidən və müəssisədən 30 faiz ödəmə edilir. 8 min manat məbləği ləğv edilərsə bu təsəvvür etsək, 14+30 faiz 44 faiz ödəmə deməkdir. Yəni işçi ilə birlikdə müəssisədən 44 faiz əmək haqqının dövlət büdcəsinə ödənməsi deməkdir. Əgər bu ləğv olunacaqsa əvvəlki dövrə qayıdılsın yenə. Sosial Sığorta ödənişlərində də müəyyən güzəştlər edilsin. Yəni mən təklif edərdim ki, qeyri-neft sektorunun inkişafının bu günkü mərhələsində davam edərdi bu. Yəni güzəştin növbəti bir neçə il də davam etməsi məqsədəuyğundur.
Ekspert hesab edir ki, qaçılmazdırsa o zaman ən azından 8 min manatı yarı qiymətinə endirmək olar. Ən aşağı 2500 məbləğ. Hansı ki, məcəllədə bununla bağlı iddialar var ki, 2500-dən aşağı salmaq fikrimcə düzgün olmazdı. 2026-cı ilin yanvarından başlayaraq bu qeyri-neft sektoruna ciddi təsir göstərəcək.
Müsahibimiz düşünür ki, güzəştlər tamamilə ləğv olunarsa yenidən sahibkarlar əmək müqavilələrinin bağlanmasında müəyyən qədər gec gedə bilərlər. Çünki burada bir məcburiyyət var. Yəni sahibkarlar bu şəffaflığın artmasıyla bağlı çox həvəsləndilər və əmək müqavillərinin rəsmiləşdirdilər. Bu da xeyli işçilərin rəsmiləşməsinə səbəb oldu. Yenidən onların ləğvi, birdən-birə ləğv edilməsi müəyyən qədər problemlərə gətirib çıxara biləcəyini düşünürəm. Ona görə burada güzəştin ləğv edilməsi mütləq differensial qaydada aparılmalıdır. Həmçinin də bu Sosial Sığorta ödənişləri də nəzərə alınmalıdır. Çünki müəssisə kifayət qədər orada yük altındadır.
Ekspert xatırladıb ki, ümumiyyətlə 2025-ci ilin təxminən may ayından başlayaraq çox müəssisələrdə işçilərin ixtisarının baş verməsi məlumdur. Yəni burada artıq statistik göstəriciyə baxsaq görərik ki, təxminən iyun ayından sentyabr ayına qədər müəssisələrdə çoxlu ixtisarlar oldu. Bu da onu göstərir ki, vəziyyət o qədər də ürəkaçan deyil. Bu nöqteyi-nəzərdən bu güzəştin birdən-birə ləğv edilməsi məqsədəuyğun hesab edilmədiyini düşünürəm. Bildiyimiz kimi ölkəmizdə qeyr-neft sektorunun inkişafı ilə əlaqədar bir sıra islahatlar aparılmışdır və aparılmaqda davam edir. Amma biz baxırıq ki, daxildə istehsal olunan məhsullar yenə də tam rəqabət qabiliyyətli ola bilmir. Məsələn, biz yenə də yağı və süd məhsullarını daha çox xaricdən idxal edirik. Baxırıq ki, xarici süd məhsulları daha çox ucuz olur, nəinki yerli məhsullar. Müşahidə edirik ki, bəzi keyfiyyətli yerli məhsullar da baha başa gəlir və nəticə etibarilə xarici məhsullar yerli məhsulları burada sıxışdırmağa başlayır.
Mütəxəssisin qənaətinə görə, bu istər ərzaq, istərsə də qeyri-ərzaq məhsulları, yəni tekstil malları olan sektorlara da aiddir. Təbii ki, biz daha çox Çinlə idxal edirik. Eyni zamanda digər ölkələrdən də idxal var. Əlbəttə ki, daxili idxal da inkişaf elətdirilə bilər. Bütün bunlarla bağlı bildiyimiz kimi həm Vergi Məcəlləsində, həm digər qanunverici aktlarda istifadə edilir, güzəşlər var.
Radil Fətullayev deyib ki, bu fəaliyyətlərin inkişaf etməsi üçün müəyyən elə sahələri var ki, xammal xaricdən alınır, müəyyən sahələr də var ki, xammalı daxildə əldə etmək üçündür. Bununla əlaqədar, xaricdən alınan məhsullarla bağlı gömrük rüsumlarının tətbiqi və onlarda müəyyən bir şəffaflığın təmin olunmasına ehtiyac var. Yaxşı olar ki, həm kənd təsərrüfatı məhsulları həm digər məhsulları ilə bağlı müəyyən proteksiya siyasəti aparılaraq daxili bazar qorunsun. Həmçinin də sahibkarın, hüquqları qorunsun.
Ekspert Rəqabət Məcəlləsi barədə də danışıb. O deyib ki, Rəqabət Məcəlləsinin sahibkarlar tərəfindən tətbiq olunmasına və buna ciddi nəzarət olunmasına ehtiyac var. Mikro və kiçik sahibkarın inkişafına dəstək göstərilməlidir.
Həmsöhbətimizin fikrinə görə mövcud qanunvericilik bazasında güzəştlər kifayət qədərdir. Lakin bunların tətbiqatı ilə bağlı müəyyən bürokratik əngəllər var, müəyyən problemlər var. Bu problemlərin həlli üçün KOBİA kimi böyük bir təşkilat fəaliyyət göstərir. Amma nəticə etibarilə biz baxırıq ki, mikro-kiçik sahibkarlıq subyektlərinin inkişafına ciddi dəstək lazımdır. Biz çalışmalıyıq ki, yerli məhsulların çox inkişaf etdirilməsini görə bilək.Yəni, bildiyimiz kimi, bir ölkədə qeyr-neft sektorunun inkişaf etdirilməsi üçün vergi və gömrük qanunvericiliyi uyğun şəkildə olmalıdır. Həm daxili bazar inkişaf elətdirəcək gömrük qanunvericiliyi olmalıdır. Üstəgəl, vergi qanunvericiliyində bir müəssisənin inkişaf etdirilməsi üçün onun, belə deyək ki, differensial formada tətbiq olunmalıdır ki, o müəssisə inkişafa doğru getsin.
Ekspert həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda bu gün mikrosahibkarlıq subyektlərinin vergi sistemini məsələn, 5 faizə qədər hesablamaq olur. Dövriyyəsi 200 minə qədər olan şirkətlərin dövriyyəsi 200 mini keçən kimi, avtomatik olaraq onun mənfəət vergisi 20 faizə qalxır, 5-dən 15 faiz artım baş verir. Eyni zamanda da 18 faiz əlavə dəyər vergisi də olur.
Ekspert bildirib ki, Türkiyədə və dünyanın çox ölkəsində əlavə dəyər vergisi diferensial olaraq tətbiq olunur. Məsələn, bizdə çox gözəl olaraq mikro, kiçik, orta və iri sahibkarlıq subyektinə bölümü olub. Mikro sahibkarlıq subyekti tamamilə ƏDV-dən azaddır. Elə ki, müəssisə kiçik olsun, tutalım ki, burada dövriyyəsi müəyyən məbləğə qədər, 3 milyona qədər olan hissəsi var. şirkət var, iri. Bunların diferensial şəkildə ƏDV-yə keçməsi olsa daha yaxşı olar.
Ekspert deyib ki, ölkəmizdə ticarət qanunvericiliyinin, yəni ticarət prosesinin, biznes proseslərinin düzgün inkişaf etməsi, alıcı ilə satıcı arasında münasibətlərinin düzgün qurulması səbəblərindən biri də borcların toplanmasıdır. Bildiyimiz kimi, məsələn, qanunvericiliyə əsasən, əgər borcu qarşı tərəf gecikdirərsə , borcu alan tərəf dəbbə pul hesablama belə deyək hüququ var – dəbbə pulun hesablanması. Lakin bu günləri dabbə pulun hesablayan şirkətlər borclu şirkətdən o dəbbə pulu ala bilmirlər. Belə olur ki, yəni bir az qarşı şirkət, iri şirkət olsa, nüfuzlu şirkət olsa, nəinki əsas məbləği dəbbə pulu da ala bilmir. Yəni, şirkət öz alacağını tələb eləyəndə, yəni, qarşı tərəf istədiyi vaxt ödüyür. Məsələn, bu gün dünya təcrübəsində biz baxsaq, görürük ki, məsələn Türkiyə təcrübəsində və Avropada əgər qarşı tərəf borcu gecikdirirsə, dəbbə hesablama ilə bağlı elektron qaimə faktura sistemi var. Həmin o elektron qaimə fakturanı yazır, qarşı tərəf görür ki, borcu gecikdirdisə, müqaviləyə əsasən, borcu gecikdirdiysə, dəbbə hesablanır və o dəbbədən qorxaraq onun məbləğini vaxtında ödüyür.
Ekspert təklif edir ki, ticarət prosesinin yaxşılaşması üçün dəbbə pulun hesablanmasıyla bağlı qaimə faktura ortaya çıxmalıdır. Borc götürən adam, məsələn, bir şəxs öz biznesini qurmaq üçün bankdan başqa çarə axtarmaqdan başqa bir çarə yoxdur, çarəsi qalmır və eyni zamanda da kimsə kiməsə borc alıb verəndə 100 neçə manat notariusa pul ödəməlisən ki, notarius sənə o borc müqaviləsini təsdiqləsin. Çox vaxt da o da bir çətinlik yaradır.
“Qeyri-neft sektoru ilə yanaşı, dövlət hər zaman iqtisadi proseslərdə, vergi mübahisələrində həmişə kiçik şirkətlər zəif şirkətlərin arxasında dayanır. Böyük şirkətləri isə məcbur edir ki, onun borclarını ödəsin, ona dəstək olsun. Amma təəssüflər olsun ki, bizdə o mexanizm yoxdur”, – deyə ekspert qeyd edib.
Bünyamin Bünyadzadə
Referans
