Türkiyədə hissə-hissə ödənişlə mal və xidmət alışı ilə bağlı yeni qaydalar qüvvəyə minib. Rəsmi Qəzetdə dərc olunan dəyişikliklərə əsasən, Ticarət Nazirliyinə yaşayış sahələrinin satışı istisna olmaqla, digər mal və xidmətlər üzrə taksit müddətlərini müəyyənləşdirmək və əlavə məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verilib.
Referans Media xəbər verir ki, dəyişiklik “Pərakəndə ticarətdə tətbiq ediləcək prinsip və qaydalar haqqında Əsasnamə”yə edilib.
Yeni qaydalara əsasən, Türkiyənin Ticarət Nazirliyi mənzil satışı istisna olmaqla, mal və xidmətlərin hissə-hissə ödənişlə satışında tətbiq ediləcək müddətləri müəyyənləşdirə biləcək.
Bu səlahiyyət mal və ya xidmət satıldıqdan sonra müəyyən ödəniş qarşılığında borcun hissələrə bölünməsi və ya ödənişin təxirə salınması hallarını da əhatə edir. Qiymətli sənəd tərtib edilməklə və ya edilmədən həyata keçirilən taksitli satışlar da tənzimləməyə daxildir.
Dəyişikliklə Nazirliyə yalnız taksit müddətlərini müəyyənləşdirmək deyil, həm də zəruri hesab etdiyi hallarda əlavə məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verilib.
Nazirliyin bu çərçivədə qəbul edəcəyi qərarlar rəsmi internet saytında elan olunacaq və müvafiq yuxarı peşə təşkilatlarına göndəriləcək.
Qeyd edək ki, yeni tənzimləmə taksit müddətlərinin dərhal dəyişdirilməsi demək deyil. Sənəd Nazirliyə bu müddətləri müəyyənləşdirmək və əlavə məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verir. Konkret dəyişikliklər barədə qərarlar ayrıca açıqlana bilər.
