Berlin seçkilərində Elif Eralpin partiyası birinci oldu – nəticə etiraz doğurdu

Almaniyanın paytaxtı Berlində keçirilən əyalət parlamenti seçkilərində türk əsilli Elif Eralpin liderlik etdiyi “Die Linke”nin birinci yeri tutması ölkədə siyasi müzakirələrə səbəb olub.

İlkin nəticələrə görə, “Die Linke” təxminən 25 faiz səs toplayaraq Berlin seçkilərində ilk sırada qərarlaşıb. Bu nəticə Elif Eralpin Berlin hökumətinin rəhbəri olmaq imkanını gündəmə gətirib.

Referans Media xəbər verir ki, Almaniya Yəhudilər Mərkəzi Şurasının rəhbəri Yozef Şuster seçkinin nəticələrindən sonra “Die Linke”nin mümkün hökumət iştirakına dair narahatlığını ifadə edib.

Yozef Şuster partiya daxilində antisemitizmlə bağlı mübahisələri əsas gətirərək “Yaşıllar” və Sosial Demokrat Partiyasını (SPD) “Die Linke” ilə hökumət qurmağa dəstək verməməyə çağırıb. Bu mövqenin partiyanın İsrail və Fələstin məsələsi ilə bağlı bəzi açıqlamaları və tədbirləri ətrafında yaranan mübahisələrlə əlaqəli olduğu bildirilir.

Elif Eralp kimdir?

45 yaşlı Elif Eralp hüquqşünasdır və Berlində “Die Linke” fraksiyasının üzvü kimi fəaliyyət göstərib. O, 2026-cı il seçkilərində partiyanın əsas namizədi kimi Berlinin hökumət başçısı vəzifəsinə namizəd olub.

Eralpin seçki kampaniyasının əsas mövzularından biri Berlində artan kirayə və mənzil böhranı olub. O, daha əlçatan mənzil siyasətini müdafiə edib. Seçkilərdən sonra Eralp tərəfdarlarına müraciətində Berlində dəyişiklik etmək və şəhəri daha sosial və ədalətli məkana çevirmək istədiyini bildirib.

Qeyd edək ki, Yəhudilər Mərkəzi Şurasının “Die Linke” ilə bağlı antisemitizm ittihamları şuranın mövqeyidir; partiya daxilində isə antisemitizmlə bağlı mübahisələr və ittihamlar ayrıca siyasi müzakirə mövzusudur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki