Dəhşətli xəbər sosial medianı bürüdü, sonra rəsmi açıqlama gəldi: 26 uşaq və 3 ölüm xəbəri yalan çıxdı

İstanbulda məktəb bufetindən alınan qidadan 26 uşağın zəhərləndiyi, onlardan 3-nün öldüyü barədə sosial şəbəkələrdə yayılan iddia gündəmi qarışdırıb.

Referans Media xəbər verir ki, İstanbul Valiliyi sosial mediada yayılan məlumatla bağlı açıqlama verərək iddianı təkzib edib.

Valiliyin məlumatına görə, Sultanbeylidə yaşayan A.Y. adlı şəxs sosial media hesabında İstanbulda bir məktəbin bufetindən alınan qidadan 26 uşağın zəhərləndiyini və 3 uşağın həyatını itirdiyini iddia edən paylaşım edib.

İstanbul Valiliyi paylaşımda yer alan məlumatların ictimaiyyəti yanıltmağa xarakterli olduğunu bildirib. Məlumata görə, sözügedən paylaşımı etdiyi müəyyənləşdirilən A.Y. polis əməkdaşları tərəfindən saxlanılıb.

A.Y. barəsində Anadolu Cümhuriyyət Baş Prokurorluğunun Mətbuat Cinayətləri üzrə İstintaq Prokurorluğu tərəfindən hüquqi proses başladılıb. Şəxs Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsində nəzərdə tutulan “xalqı yanıltıcı məlumatı açıq şəkildə yaymaq” ittihamı üzrə araşdırmaya cəlb edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki