Xəbər verdiyimiz kimi, Türkiyənin Manisa şəhərinin Turqutlu rayonundakı "İnci Üzmez" Peşə və Texniki Anadolu Liseyinin önündə silahlı hücum baş verib. Hadisədən dərhal sonra övladlarından xəbər almaq istəyən valideynlər məktəbə axın ediblər.
Referans Media xəbər verir ki, hadisə ilə əlaqədar hələlik 1 şagirdin öldüyü, 8 nəfərin isə yaralandığı qeyd olunur.
Məktəbin qarşısında gərgin anlar yaşanarkən, ərazidə təhlükəsizlik tədbirləri görən hüquq-mühafizə orqanlarının əməkdaşları təşvişə düşən valideynləri sakitləşdirməyə çalışıblar.
Polisin hadisə ilə bağlı genişmiqyaslı araşdırmaları davam edir.
Digər tərəfdən, məktəbin qarşısında silahlı hücumu törədən və artıq polis tərəfindən saxlanılan şəxsin təhlükəsizlik kameralarına düşən görüntüləri də ortaya çıxıb. Ərazidəki kameraların qeydə aldığı kadrlarda məktəbə sakit şəkildə yaxınlaşan hücumçunun bir qədər sonra qaçaraq uzaqlaşdığı aydın görünür.
