Hamının gözlədiyi xəbər gəldi: Osimhen nəhayət meydana qayıdır!

"Qalatasaray"ın zədə səbəbindən komandadan ayrı qalan ulduz futbolçusu Viktor Osimhenlə bağlı azarkeşləri sevindirən xəbər yayılıb. Nigeriyalı hücumçunun müalicə prosesinin müsbət istiqamətdə davam etdiyi və milli fasilədən sonra komanda ilə məşqlərə başlayacağı bildirilib.

Referans Media xəbər verir ki, Osimhen Türkiyə Super Liqasının 4-cü turunda "Başakşehir" ilə qarşılaşmanın 33-cü dəqiqəsində zədələnib. Bu səbəbdən o, "Kocaelispor", "Trabzonspor" və UEFA Çempionlar Liqasında "Sportinq" ilə keçirilən matçlarda meydana çıxa bilməyib.

“Sabah” qəzetində yayılan məlumata görə, aparılan tibbi müayinələrdən sonra Osimhenin müalicə prosesinin müsbət irəlilədiyi müəyyənləşib. Nigeriyalı futbolçunun milli komandalar üçün nəzərdə tutulan fasilədən sonra "Qalatasaray"ın məşqlərinə qoşulacağı gözlənilir.

Osimhenin oktyabrın 9-da "Qalatasaray"ın "Kasımpaşa"nı qəbul edəcəyi qarşılaşmada meydana çıxacağı gözlənilir. Ulduz hücumçu bu mövsüm Qalatasaray forması ilə keçirdiyi 4 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Zədəsi səbəbindən Nigeriya millisinin heyətindən də çıxarılan Osimhenin milli fasilədən sonra yenidən komanda ilə çalışmalara başlaması planlaşdırılır.

"Qalatasaray"da zədə səbəbindən müalicə alan digər futbolçu Roland Sallainin vəziyyəti də diqqətdə saxlanılır. Onun da müalicə prosesinin davam etdiyi və "Kasımpaşa" ilə oyuna qədər meydana çıxmağa hazır vəziyyətə gəlməsinin gözlənildiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki