Ərdoğandan BMT ilə bağlı SƏRT ÇAĞIRIŞ: “Veto hüququ ləğv edilməlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının mövcud strukturunun dəyişdirilməsini və daimi üzvlərə verilən veto hüququnun ləğv edilməsini təklif edib.

Referans Media xəbər verir ki, Ərdoğan bu fikirlərini “Bloomberg” üçün yazdığı “BM, Güvenlik Konseyi'nin veto hakkını kaldırmalıdır” (“BMT Təhlükəsizlik Şurasının veto hüququnu ləğv etməlidir”) başlıqlı məqaləsində səsləndirib. O, uzun müddətdir irəli sürdüyü “Dünya 5-dən böyükdür” fikrini də yenidən gündəmə gətirib.

Türkiyə liderinin sözlərinə görə, son illərdə pandemiyalar, enerji böhranları, təchizat zəncirlərində yaranan problemlər və regional münaqişələr mövcud qlobal qərarvermə mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin zəruriliyini göstərib. Ərdoğan bildirib ki, dünyada baş verən böhranların həllinin bir neçə ölkənin qərarından asılı qalması müasir reallıqlara uyğun deyil. Onun fikrincə, beynəlxalq qərarvermə mexanizmləri dəyişən dünya şərtlərinə uyğunlaşdırılmalıdır.

Ərdoğan BMT Təhlükəsizlik Şurasının İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq sistemi əks etdirdiyini bildirib. O, daha geniş və hesabatlı təmsilçiliyin təmin olunmasının vacibliyini vurğulayıb. Türkiyə Prezidenti yeni daimi üzvlərin əlavə edilməsinin problemin kökündən həllinə imkan verməyəcəyini qeyd edib. Onun təklifinə əsasən, Təhlükəsizlik Şurasında daimi üzvlük olmamalı, üzvlər BMT Baş Assambleyası tərəfindən müəyyən müddətə və növbəli şəkildə seçilməlidir. Yenidən üzv olmaq istəyən ölkələr isə Baş Assambleyada üzvlərin əksəriyyətinin dəstəyini yenidən qazanmalıdır.

Ərdoğan hesab edir ki, BMT-də islahatların əsas istiqamətlərindən biri veto hüququnun aradan qaldırılması olmalıdır. O, veto imtiyazının sadəcə yeni ölkələrə verilməsinin mövcud problemi həll etməyəcəyini, əksinə, imtiyazlı strukturun əhatə dairəsini genişləndirəcəyini bildirib. Ərdoğanın təklif etdiyi modeldə heç bir dövlət beynəlxalq ictimaiyyətin əksəriyyətinin iradəsini daimi şəkildə bloklamaq imkanına malik olmamalıdır. Türkiyə Prezidenti həmçinin BMT Baş Assambleyasının səlahiyyətlərinin gücləndirilməsini və Təhlükəsizlik Şurasının bu qurum qarşısında hesabatlılığının artırılmasını təklif edib.

Ərdoğanın sözlərinə görə, gələcəyin beynəlxalq sistemi keçmişin hakimiyyət iyerarxiyalarını qorumaqla qurulmamalıdır. O, müxtəlif regionların təcrübə, imkan və siyasi iradəsinin qlobal qərarvermə prosesinə daha geniş şəkildə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Beləliklə, Ərdoğan BMT Təhlükəsizlik Şurasının daimi üzvlük və veto mexanizmlərinə əsaslanan hazırkı modelinin dəyişdirilməsini, daha geniş təmsilçiliyə və seçkili üzvlüyə əsaslanan yeni strukturun yaradılmasını təklif edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki