Türkiyədə QALMAQAL: Bir gecədə hesabından 45 milyard PUL ÇIXARDI - Hamı onu AXTARIR

Türkiyə kapital bazarlarını sarsıdan fond qalmaqalı və Kapital Bazarları Şurasının (SPK) 131 fondu ləğv etmək qərarından sonra bazarlarda rekord məbləğdə pul çıxarılması qeydə alınıb. Ölkənin aparıcı özəl banklarından birində cəmi 8 investorun yer aldığı fonddan kimliyi açıqlanmayan tək bir şəxs 24 saat ərzində 45 milyard Türk Lirəsi (TL) çıxararaq maliyyə dairələrində ciddi təəccüb doğurub.

Referans Media xəbər verir ki, Musavat.com-un məlumatına görə, kapital bazarlarında analoqu görünməmiş bu pul axını "Pusula Portföy" İdarə Heyətinin sədri Məhəmməd Yarızın saxlanılması və SPK-nın 7 investisiya şirkətinə aid 131 fondu ləğv etməsindən sonra baş verib.

Ümumilikdə 830 milyard lirədən çox vəsaitin bloklandığı qalmaqal fonunda reallaşan bu böyük köçürmə maliyyə mütəxəssisləri və sosial media istifadəçiləri arasında "Bu investor kimdir?" sualını gündəmə gətirib.

"Pusula Portföy"ün idarəçiliyində yaranan böhrandan sonra fondların defolt vəziyyətinə düşməsi SPK-nı prosesə müdaxilə etməyə vadar edib. Qurum "Tera Yatırım", "Pusula Portföy", "Hedef Holding", "Atlas Portföy", "A1 Capital Portföy", "Pardus Portföy" və "Bulls Portföy"ə məxsus 131 fondun ləğvinə qərar verib.

Aktivlərin nağd pula çevrilməsi üçün məsul təyin olunan iki banka verilən vaxt isə 3 aydan 6 aya qədər uzadılıb. Ləğvetmə prosesi və dondurulmuş vəsaitlər bazarda qeyri-müəyyənliyi artırdığı bir vaxtda, özəl bankların birində yerləşən fondda rekord həcmdə kapital hərəkəti qeydə alınıb.

Məlumata görə, 8 investorun pay sahibi olduğu həmin fondun ümumi aktivləri 52 milyard 886 milyon TL təşkil edirdi. Lakin tək bir investorun öz vəsaitini tam şəkildə geri çəkməsi ilə fondun həcmi bir anda 7 milyard 418 milyon TL-yə qədər geriləyib.

Bir gün ərzində baş verən 45 milyard TL-lik bu nəhəng çıxarış iqtisadçılar tərəfindən belə təəccüblə qarşılanıb. Çıxarılan bu nəhəng kapitalın hansı maliyyə alətlərinə və ya aktivlərə yönəldiləcəyi hələlik məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki