ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) və Dövlət Departamentinin sabiq əməkdaşı, siyasi şərhçi Larry Johnson hesab edir ki, Rusiya ilə Ukrayna arasında danışıqların nəticə verməsi ehtimalı çox aşağıdır və Moskva qarşıya qoyduğu məqsədlərə hərbi yolla nail olmağa çalışacaq.
Referans Media bildirir ki, O, bu fikirləri TASS agentliyinə müsahibəsində səsləndirib.
Consonun sözlərinə görə, Ukrayna Rusiyanın irəli sürdüyü şərtləri qəbul etməyə hazır deyil, Rusiya Prezidenti Vladimir Putin isə bu şərtləri açıq şəkildə bəyan edib.
Keçmiş CIA əməkdaşı bildirib ki, Moskvanın əsas tələbləri Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətləri və Krımın Rusiyanın tərkib hissəsi kimi tanınmasıdır.
O, həmçinin Rusiyanın "denazifikasiya" adlandırdığı proses çərçivəsində Ukraynada yeni seçkilərin keçirilməsini, eləcə də ölkənin silahlı qüvvələrinin sayının azaldılmasını və NATO ilə münasibətlərinə son qoyulmasını tələb etdiyini bildirib.
Consonun fikrincə, Kiyev bu şərtləri qəbul etmədiyi üçün Rusiyanın yeganə çıxış yolu hərbi üstünlük əldə etməkdir.
Sabiq kəşfiyyatçı əlavə edib ki, onun qənaətincə, ABŞ-ın uzunmüddətli strategiyası Rusiyanı zəiflətməyə yönəlib.
Qeyd edək ki, bu açıqlamalar Larry Johnsonun şəxsi mövqeyini əks etdirir və münaqişə tərəflərinin və ya digər beynəlxalq aktorların rəsmi mövqeyi hesab olunmur.
