İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi ABŞ-nin münaqişəni qızışdıracağı təqdirdə strategiyalarını dəyişdirəcəklərini bildirib.
Mühəbbi televiziya proqramında çıxışı zamanı İranın mümkün hücuma hazırlığından danışıb. O, yeni hücum olacağı təqdirdə İranın fərqli silah və imkanlardan istifadə edəcəyini vurğulayıb.
“Yeni hücum olarsa, müdafiə və hücum strategiyamız ciddi şəkildə dəyişəcək. Silahlarımızı və müharibənin coğrafiyasını dəyişəcəyik. Yeni imkanlarla təchiz olunmuş qüvvələri meydana çıxaracağıq və dünya heyrətə gələcək. Hələ hücuma məruz qalmamış yeni hədəflər müəyyən etmişik”, – deyə Mühəbbi bildirib.
Bəs İran başqa hansı ölkələrə hücum edə bilər?
Referans Media bildirir ki, bu haqda Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayevanın sözlərinə görə, İranın son hərbi fəaliyyətinə baxdıqda risk zonasına ilk növbədə ABŞ qüvvələrinin və hərbi infrastrukturunun yerləşdiyi Körfəz və Yaxın Şərq ölkələri daxildir:

“İran sentyabrın əvvəlində Küveyt, Bəhreyn, İordaniya və İraqdakı ABŞ hərbi obyektlərinə hücum etdiyini bildirib. BƏƏ-də ABŞ-nin istifadə etdiyi obyektlər də İran zərbələrinin hədəfi olub. Tehran rəsmiləri ABŞ-yə öz ərazilərindən hərbi imkan verən regional dövlətlərin bunun təhlükəsizlik nəticələri ilə üzləşə biləcəyini də açıq şəkildə bildiriblər”.
Ekspert müharibənin ikitərəfli müharibədən çıxıb Körfəz ölkələrini əhatə edəcəyini açıqlayıb:
“Mühibbinin açıqlaması Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, BƏƏ, İordaniya və İraqda yerləşən ABŞ hərbi infrastrukturu ətrafında riskin yüksələ biləcəyini düşündürür, ancaq bu, həmin ölkələrin özlərinin mütləq hədəf seçildiyi demək deyil. İsrail isə İranın mövcud qarşıdurmasında artıq birbaşa tərəfdir. Daha təhlükəli ssenari Tehran tərəfindən zərbələrin yalnız ABŞ bazaları ilə məhdudlaşdırılmayaraq logistika mərkəzlərinə, radar və hava hücumundan müdafiə sistemlərinə, limanlara və enerji infrastrukturlarına genişləndirilməsi olardı. Belə eskalasiya İran-ABŞ qarşıdurmasını ikitərəfli hərbi müstəvidən çıxarıb Körfəz ölkələrini daha dərindən münaqişəyə cəlb edə bilər”.
