Samsunun Havza rayonunda cəmi 10 dəqiqə davam edən güclü yağış selə səbəb olub. Daşqın nəticəsində küçələr su altında qalıb, avtomobilləri sel aparıb, ev və iş yerlərinə ciddi ziyan dəyib.
Referans Media xəbər verir ki, rayon mərkəzindən keçən Hacı Osman Dərəsi və Tərsakan Dərəsi çaylarının daşması vəziyyəti daha da ağırlaşdırıb.
Xüsusilə Cümhuriyyət Meydanı, Çay və Bahçelievler məhəllələrinin tamamilə su altında qaldığı bildirilir. Bəzi ərazilərdə suyun səviyyəsi binaların zirzəmi və birinci mərtəbələrinə qədər yüksəlib.
Sel zamanı bir nəfərin avtomobilin üzərində köməksiz qaldığı, daha sonra xilasedicilər tərəfindən təhlükəsiz əraziyə çıxarıldığı açıqlanıb.
Vali Orhan Tavlı hadisə yerində apardığı araşdırma zamanı bildirib ki, ilkin məlumata əsasən can itkisi yoxdur. Lakin çox sayda iş yeri və avtomobilə ciddi ziyan dəyib.
Məlumata görə, sel nəticəsində yaralanan 12 nəfər xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı qeyd olunur.
Hadisədən sonra rayon üzrə məktəblərdə tədris bir günlük dayandırılıb. Bölgədə təmizlik və zərərin qiymətləndirilməsi işləri davam etdirilir.
