Üç ayda itirilən milyardlar – Türkiyə modelinə NİYƏ keçmirik?

Bu ilin ilk yarısında Türkiyəyə gələn xarici turistlərin yemək və içkiyə çəkdiyi xərclər ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 9 faiz artaraq 5 milyard 904 milyon 388 min ABŞ dollarına çatıb.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatları əsasında yaydığı xəbərə görə, yanvar-iyun aylarında ölkənin turizm gəlirləri ümumilikdə 25 milyard 746 milyon 177 min dollar təşkil edib. Statistikaya əsasən, turistlər ən çox vəsaiti məhz yemək və içkiyə xərcləyiblər. Dönər, pide, lahmacun, ev yeməkləri və Türkiyənin müxtəlif bölgələrinə məxsus digər milli təamlar milyonlarla turist tərəfindən dadılıb (Qaynarinfo).

Biz niyə Türkiyə modelini qura bilmirik? Orduda türk sisteminə keçid mümkündürsə, bir çox sahələrdə onların təcrübəsini öyrəniriksə, qardaş ölkənin turizm sistemini niyə tətbiq etmirik və ya etmək istəmirik? Axı? bizə də minlərlə rus və başqa millətlərdən olan turistlər gələ bilər ki, bu? həm də işsizlik probleminə ciddi dəstək olardı...

Azərbaycanda minimum maaş belə hesablana bilər - Yeni model gündəmdə -  Globalinfo.az

İqtisadçı-alim Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Ümumiyyətlə, Türkiyənin uğurunu təkcə "turizm modeli" ilə izah etmək doğru olmaz. Bu nəticə 50-60 il ərzində ardıcıl dövlət siyasəti, özəl sektor investisiyaları və beynəlxalq marketinq strategiyasının birgə məhsuludur. Bir şeyi də yadda saxlayaq ki, Azərbaycan tam olaraq Türkiyə kimi ola bilməz. Hər ölkənin öz identifikasiyası var. Azərbaycan Türkiyə modelini bəlkə də zamanla tam şəkildə tətbiq edə bilər, lakin Türkiyənin coğrafiyasını, tarixini, dənizlərini, sahillərini əvəz edə bilməz. Əslində, hər ölkənin modeli öz iqtisadi və institusional reallığına uyğun qurulur. Bunu gözardı etməməliyik. Lakin qardaş ölkənin uğurlu təcrübəsinin ayrı-ayrı elementlərini tətbiq etməyimiz mümkündür.

Gələk bu istiqamətdəki əsas problemlərə. Onlardan ən başlıcası infrastruktur fərqidir. Türkiyədə minlərlə hotel, kurort, restoran, əyləncə mərkəzi, marinalar və inkişaf etmiş daxili nəqliyyat şəbəkəsi mövcuddur. Turist yalnız görməli yerlərlə kifayətlənmir, rahat xidmətə də pul xərcləyir. Bundan əlavə, qiymət-keyfiyyət balansı önəmlidir. Azərbaycanda bəzi turizm xidmətlərinin qiymətlərinin yüksək, keyfiyyətinin isə aşağı olmasından hər kəs şikayətçidir. Həmçinin, Türkiyə illərdir turizmin reklamına milyardlarla dollar sərmayə qoyur, dünyanın əksər ölkələrində aktiv tanıtım aparır və güclü turizm brendi formalaşdırıb. Rusiya telekanallarına baxsanız görərsiniz ki, bütün günü Türkiyə kurortlarının reklamı gedir. Türkiyə qastronomiyası ayrıca turizm məhsuluna çevrilib. Dönər, pide, lahmacun, Antep və ya Hatay mətbəxi, Egey və Qara dəniz bölgəsinin yeməkləri təkcə qida deyil, ölkənin turizm brendinin ayrılmaz hissələridir.

Nəticədə turistlər restoranlarda milyardlarla dollar vəsait xərcləyir, bu isə minlərlə kiçik və orta sahibkarın gəlir mənbəyinə çevrilir. Azərbaycanda da dolma, plov, qutab, piti, ləvəngi, kabab və digər milli yeməklər böyük potensiala malikdir. Lakin onların beynəlxalq səviyyədə tanıdılması və marketinqi sistemli şəkildə aparılmır. Bəli, ölkəmizin zəngin milli mətbəxi, dağları və dənizi, sağlamlıq kurortları, tarixi və mədəni irsi, kənd turizmi üçün potensial var. Lakin bizdə turizm daha çox mövsümi xarakter daşıyır və hələ də sistemli yanaşma çatışmır. Biz çox vaxt təbiətimizin, milli mətbəximizin və qonaqpərvərliyimizin üstünlüklərindən danışırıq. Halbuki müasir turist ilk növbədə xidmət keyfiyyəti, qiymət-keyfiyyət nisbəti, rahat logistika, təhlükəsizlik və əyləncə imkanlarını qiymətləndirir”.

İqtisadçı bildirib ki, xidmət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, peşəkar kadr hazırlığı, aşağı büdcəli aviareyslərin genişləndirilməsi, qastronomiya və kənd turizminin ayrıca brend kimi formalaşdırılması, eləcə də dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi vacibdir: “Əlavə olaraq, dəfələrlə qeyd etmişəm, ölkədə turizm məhsullarının müxtəlifliyi təmin olunmalıdır. Dəniz, xizək, sağlamlıq, dini, tarixi, mədəni, qastronomik və konqres turizmi kimi çoxsaylı istiqamətlər turist axınının ilboyu davam etməsinə imkan yaradır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki