Bayram və xüsusi günlər ərəfəsində bazarlarda ucuz qiymətə satılan kürülərə maraq artsa da, mütəxəssislər ciddi təhlükə barədə xəbərdarlıq edir. Xarici görünüşü ilə həqiqi məhsuldan seçilməyən saxta kürülər insan sağlamlığı üçün risk mənbəyinə çevrilə bilər. Ekspertlərin sözlərinə görə, alıcıların ən böyük səhvi məhsulu yalnız qiymətinə və görünüşünə görə dəyərləndirməsidir.
Referans Media-ya açıqlama verən qida mütəxəssisi Fərid Səfərov bildirib ki, son vaxtlar saxta və keyfiyyətsiz kürünün bazarda daha ucuz qiymətə satılması həqiqətən də alıcı marağını artırır:
“Xüsusilə qiymət fərqinin böyük olması bəzi insanlarda ‘eyni məhsulu daha sərfəli almaq’ düşüncəsi yaradır. Amma burada əsas problem odur ki, istehlakçılar çox vaxt məhsulun mənşəyinə, saxlanma şəraitinə və tərkibinə kifayət qədər diqqət etmirlər. Kürünü əsasən dad və görüntüyə görə qiymətləndirirlər, halbuki təhlükə məhz görünməyən hissədə — tərkibdə olur”.
Mütəxəssis qeyd edib ki, saxta kürünün hazırlanmasında bəzən süni rəngləndiricilər, dad artırıcılar, jelatin, nişasta əsaslı qarışıqlar və müxtəlif konservantlardan istifadə edilir.
“Keyfiyyətsiz xammal və normadan artıq qatqılar allergik reaksiyalar, həzm pozğunluğu, ürəkbulanma, qaraciyərə əlavə yük və hətta bəzi hallarda zəhərlənmə riskini artıra bilər. Xüsusilə uzunmüddətli və davamlı istifadə zamanı aşağı keyfiyyətli rəngləndiricilər və kimyəvi qatqılar orqanizmdə yığılaraq maddələr mübadiləsinə, qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər”, – deyə o vurğulayıb.
Fərid Səfərovun sözlərinə görə, həqiqi və saxta kürünü ayırmaq üçün bir neçə vacib məqama diqqət etmək lazımdır:
“Həqiqi kür dənələri adətən ölçü və forma baxımından bir qədər fərqli olur, çox parlaq və ideal görünmür. Süni kür isə çox vaxt həddindən artıq eyni ölçülü, sərt və qeyri-təbii parlaq olur. Dad baxımından da fərq hiss edilir — həqiqi kür ağızda asan partlayır və dəniz məhsuluna xas təbii dad verir, saxta məhsul isə jelatinvari və ya süni dadlı ola bilir”.
Qida mütəxəssisi alış zamanı məhsulun etiketinə, istehsalçı məlumatlarına, saxlanma temperaturuna və sertifikatlarına diqqət edilməsinin vacibliyini bildirib.
“Çox ucuz qiymətə satılan, mənşəyi bilinməyən və açıq şəkildə təqdim olunan məhsullardan uzaq durmaq daha təhlükəsiz seçimdir. Çünki belə məhsullarda həm keyfiyyət, həm də gigiyena baxımından ciddi risklər ola bilər”, – deyə o əlavə edib.
Mütəxəssis sonda vətəndaşlara çağırış edərək bildirib: “Sağlam qidalanaraq sağlam yaşayın!”
Gülnaz Abdullazadə
