Türkiyənin Ticarət Nazirliyi uşaqların istifadə etdiyi bir dəftərxana ləvazimatı ilə bağlı mühüm qərar qəbul edib.
Referans Media xəbər verir ki, Nazirliyin yaydığı məlumata görə, "Mobidus-Ruppert" markalı karandaş yonanda normadan artıq miqdarda qurğuşun aşkar edilib.
Aparılan yoxlamaların nəticəsində məhsulun kimyəvi risk daşıdığı müəyyən olunub. Bununla əlaqədar həmin karandaş yonanın satışına qadağa qoyulub və bazardan geri yığılması barədə qərar qəbul edilib.
Nazirlik bildirib ki, xüsusilə uşaqların gündəlik istifadə etdiyi dəftərxana məhsullarının təhlükəsizlik standartlarına tam cavab verməsi böyük əhəmiyyət daşıyır və onların sağlamlığını riskə atan heç bir məhsulun bazarda qalmasına icazə verilməyəcək.
Qurum həmçinin vurğulayıb ki, körpələr, uşaqlar və digər həssas istehlakçı qrupları üçün nəzərdə tutulan məhsullarla bağlı nəzarət və yoxlamalar bundan sonra da güzəştsiz şəkildə davam etdiriləcək.
