Türkiyənin xarici işlər naziri Hakan Fidanın Kiyevə səfəri və Anqaranın gələcək sülh sazişi çərçivəsində Qara dənizdə dəniz təhlükəsizliyi təminatlarına rəhbərlik etməyə hazırlaşması beynəlxalq mediada və analitik dairələrdə geniş müzakirələrə səbəb olub.
Referans Media xəbər verir ki, "Haqqin.az" portalında dərc edilən məqaləyə görə, Qərb analitikləri Türkiyənin sadəcə vasitəçi rolundan çıxaraq müharibədən sonrakı "təhlükəsizlik çətirinin" əsas elementinə çevrildiyini qeyd edirlər.
XİN başçısı Hakan Fidanın iyulun 15–16-da Kiyevə iki günlük səfəri Ukrayna parlamentinin Türkiyə ilə azad ticarət sazişini ratifikasiya etməsi və Qara dənizdə minatəmizləmə mexanizmini genişləndirməsi həftəsinə təsadüf edib. Bu sənəd ikitərəfli ticarətin təxminən 90 faizini librallaşdıraraq dövriyyəni 10 milyard dollara çatdırmağa hədəflənib.
Ankara klassik vasitəçilikdən imtina edir
Türkiyəli siyasi şərhçi Turqay Türker açıqlamasında bildirib ki, Türkiyə təkcə danışıqlar masasının sahibi olmaq deyil, həm də həmin masada formalaşacaq yeni təhlükəsizlik arxitekturasında yer tutmağa çalışır. Onun sözlərinə görə, Anqaranın cari planı müharibəni dərhal dayandırmaq mümkün olmadığı təqdirdə, heç olmasa münaqişənin Qara dənizə yayılmasının qarşısını almaqdır:
Mütəxəssis xatırladıb ki, Montrö Boğazlar Konvensiyası Türkiyəyə regionda qüvvələr balansını tənzimləmək üçün unikal imkanlar qazandırıb.
Türkiyə Qara dənizdə dəniz təhlükəsizliyini öz üzərinə götürür
Fidanın Kiyev səfərinin əsas məqamı ondan ibarətdir ki, hər hansı sülh sazişi imzalanacağı təqdirdə, Türkiyə Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətlərinin dəniz komponentini öz üzərinə götürməyə hazırdır.
Turqay Türker qeyd edib ki, potensial sistem quru, hava və dəniz komponentlərindən ibarət olacaq və Türkiyə regionda ən böyük flota malik ölkə olaraq məhz dəniz elementinə rəhbərlik edəcək. Bu zaman dənizlərin təmizlənməsi, gəmiçilik yollarının qorunması və monitorinqi həyata keçiriləcək.
Moskva sakitdir, təbliğatçılar isə narahatdır
Rusiya rəsmilərinin reaksiyasına gəlincə, Kreml sözçüsü Dmitri Peskov Türkiyənin vasitəçilik səylərinə görə təşəkkür edib ki, bu da Moskvanın Anqaranı dialoq kanalı olaraq gördüyünü göstərir. Lakin prokremlçi təbliğatçılar və hərbi bloqerlər – o cümlədən Timur Şafir ("Tsargrad"), Yuri Barançuk və Yuri Kotenok – Türkiyənin Qara dənizdəki mövqelərinin güclənməsindən və NATO təsirinin artmasından narahatlıqlarını dilə gətiriblər.
Buna baxmayaraq, Turqay Türker hesab edir ki, Qərb ölkələrindən fərqli olaraq, Türkiyənin həm Kiyevlə etimadı gücləndirmək, həm də Moskva ilə dialoq aparmaq qabiliyyəti onu Rusiya üçün daha məqbul qarant edir./NOCOMMENT.az/
