Mənzil bazarında gözlənilməz vəziyyət: evlər ucuzlaşır…

Azərbaycanda mənzil qiymətləri artmaqda davam etsə də, bu artımın tempi əvvəlki rüblərlə müqayisədə zəifləyib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin II rübündə mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 1,6% artıb. Eyni dövrdə yeni verilən ipoteka kreditlərinin həcmi və İpoteka Fondunun yenidən maliyyələşdirdiyi kreditlər də azalıb. Buna baxmayaraq, illik müqayisədə mənzil qiymətlərində artım hələ də yüksək olaraq qalır.

İpoteka kreditlərinin həcmi azalmasına baxmayaraq mənzil qiymətləri niyə enmir? Qiymət artım tempinin zəifləməsi yaxın dövrdə bazarda ucuzlaşmanın başlanacağına işarədir, yoxsa qiymətlər sadəcə daha yavaş artacaq?

Referans Media xəbər verir ki, Globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov deyib ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da əmlak bazarı əsasən özünü tənzimləyən bazardır:

“Bu bazarın əsas hərəkətverici qüvvəsi tələb və təklifdir. Yəni bazara kənardan müdaxilə imkanları məhduddur və qiymətlərin formalaşmasında əsas rolu bazar mexanizmi oynayır. Maraqlıdır ki, 2026-cı ildə mənzil alanların sayı əvvəlki illərlə müqayisədə azalıb, amma qiymətlər enmək əvəzinə artmaqda davam edib. Halbuki normal bazar iqtisadiyyatında real alıcıların sayı azaldıqda satıcılar arasında rəqabət güclənir və bu da qiymətlərin aşağı düşməsinə səbəb olur. Əgər bazar hazırkı tendensiya ilə davam edərsə, müəyyən mərhələdə qiymətlərin enməsi qaçılmaz görünür. Çünki satıcılar real alıcı cəlb etmək üçün qiymətlərə yenidən baxmağa məcbur olacaqlar. Lakin hazırda bunun əksi müşahidə edilir. Bir çox satıcı qiyməti endirmək əvəzinə uzun müddət alıcı gözləməyi üstün tutur. Azərbaycanda son illərdə maraqlı bir tendensiya formalaşıb. Satıcıların əhəmiyyətli hissəsi bazar qiymətini deyil, elanlarda göstərilən ən yüksək qiymətləri əsas götürür. Nəticədə bir nəfər şişirdilmiş qiymətlə mənzilini satışa çıxardıqda, digər satıcılar da öz mənzillərini həmin qiymətlə müqayisə edərək bazara çıxarırlar. Beləliklə, real bazar qiyməti yox, süni şəkildə formalaşmış yüksək qiymətlər bazarda istiqamətverici rol oynayır”.

Ekspert bildirib ki, binanın yerləşdiyi ərazi, layihəsi, mərtəbəsi, təmir vəziyyəti, mənzərəsi, binanın yaşı və digər amillər qiymətə birbaşa təsir göstərir:

“Məsələn, orta mərtəbədə yerləşən mənzillə birinci və ya sonuncu mərtəbədə yerləşən mənzilin eyni qiymətə təklif olunması bazar prinsiplərinə uyğun deyil. Təəssüf ki, bir çox satıcı bu fərqləri nəzərə almır və yalnız digər elanlarda göstərilən yüksək qiymətləri əsas götürür. Hazırda satışa çıxarılan mənzillərin təxminən 60 faizi real bazar qiymətindən daha yüksək qiymətlə təklif olunur. Satıcılar sanki bir-biri ilə qiymət artırmaq yarışına giriblər. Bazarın real tələbi nəzərə alınmadan hər il qiymətlər müxtəlif faizlərlə artırılır. Halbuki qiymət artımı ilk növbədə bazardakı real tələbə əsaslanmalıdır. İpoteka bazarında da oxşar problem mövcuddur. İpoteka kreditlərinin maksimal məbləği ilə bazardakı mənzil qiymətləri arasında ciddi fərq yaranıb. Bu səbəbdən ipoteka vəsaiti hesabına Bakıda və şəhərə yaxın ərazilərdə yeni, münasib mənzil almaq getdikcə çətinləşir.

Nəticədə vətəndaş ya çatışmayan məbləği şəxsi vəsaiti hesabına ödəməli, ya da daha ucuz mənzil axtarmalı olur. Həmin qiymətə isə əksər hallarda yalnız sovet dövründə tikilmiş, köhnə layihəli, birotaqlı mənzillər tapmaq mümkündür. Bu isə xüsusilə gənc ailələr üçün əlavə problemlər yaradır. Ailə qurduqdan və övlad dünyaya gəldikdən bir neçə il sonra həmin mənzil artıq onların ehtiyaclarını ödəmir. Lakin ipoteka krediti davam etdiyi üçün mənzili satmaq və daha geniş mənzil almaq da asan olmur. Mənzil bazarında yaranan qiymət disbalansı həm ipoteka sisteminin effektivliyini azaldır, həm də gənc ailələrin mənzil təminatını çətinləşdirir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki