Fransada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanunun qəbul edilməsi Azərbaycanda da oxşar tənzimləmələrin tətbiqi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Mütəxəssislər hesab edirlər ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması üçün yaş məhdudiyyəti ilə yanaşı, maarifləndirmə və nəzarət mexanizmləri də gücləndirilməlidir.
Mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıran sosioloq Naib Niftəliyev bildirib ki, yaş məhdudiyyətinin tətbiqi məqsədəuyğun və zəruri addımdır.
Onun sözlərinə görə, Azərbaycanda da bu istiqamətdə qanunvericilik təşəbbüsləri mövcuddur və 15-16 yaşadək şəxslər üçün müəyyən məhdudiyyətlərin tətbiqi, eləcə də internetdən təhlükəsiz istifadə qaydalarının izah edilməsi vacib hesab olunur.
Sosioloq qeyd edib ki, yeniyetməlik dövrü insanın psixoloji və sosial baxımdan ən həssas mərhələlərindən biridir:
"13-14-15 yaş dövründə yeniyetmələr müxtəlif mənfi təsirlərə açıq olurlar. Bu yaşda onların psixi sağlamlığı, sosiallaşması, şəxsiyyətinin formalaşması, intellektual inkişafı və düşüncə tərzi formalaşır. Məhz buna görə də rəqəmsal mühitin təsiri diqqətlə tənzimlənməlidir."
Naib Niftəliyev bildirib ki, sosial şəbəkələr və rəqəmsal platformalar artıq bütün yaş qruplarına təsir göstərir və təsadüfi deyil ki, YouTube, TikTok, Facebook və digər platformalarda müxtəlif yaş məhdudiyyətləri tətbiq edilir.
"Bu baxımdan girişə məhdudiyyətlərin qoyulması, yaşın təsdiqlənməsi və istifadəçinin şəxsiyyətini təsdiq edən mexanizmlərin yaradılması normal yanaşmadır. Bu məhdudiyyətlərin tətbiqi vacibdir."
Sosioloqun fikrincə, Fransada belə bir qanunun qəbul edilməsi həmin ölkənin cəmiyyət qarşısında yaranan yeni çağırışlara hüquqi və sosial mexanizmlərlə cavab verməyə çalışdığını göstərir.
Azərbaycan cəmiyyətinə toxunan ekspert bildirib ki, son illər rəqəmsal texnologiyaların təsiri təhsil və sosiallaşma prosesinə də təsir göstərir.
"Texnologiyalar müəyyən hallarda fərdi bacarıqların inkişafını əvəz etməyə başlayır. Sosial şəbəkələrin alqoritmləri də özünəməxsus davranış və düşüncə mexanizmi formalaşdırır. Bu isə hər zaman cəmiyyətin gözlədiyi tərbiyə və təhsil modeli ilə üst-üstə düşmür. Ona görə də bəzi məhdudiyyətlərin tətbiqi və müəyyən platformalara girişin yaşa uyğun tənzimlənməsi zəruridir."
Naib Niftəliyev hesab edir ki, təkcə qanun qəbul etmək kifayət etmir. Bununla yanaşı valideynlərin rəqəmsal savadlılığı da artırılmalıdır.
"Statistikaya görə, valideynlərin təxminən 60 faizi bu məsələlərdə ya az məlumatlıdır, ya da qismən məlumatlıdır. Buna görə də uşaqlar müxtəlif risklərlə üzləşə bilirlər. Valideynlər texnologiyaları daha yaxşı tanımalı, onları izləməli və həm özləri, həm də övladları üçün düzgün istifadə qaydalarını mənimsəməlidirlər."
Sosioloq vurğulayıb ki, yaş məhdudiyyətinin real nəticə verməsi üçün onun icrasına ciddi nəzarət olunmalı, inzibati və hüquqi mexanizmlər gücləndirilməlidir.
"Bu addım uşaqların psixi sağlamlığının qorunmasına, onların daha sağlam sosial mühitdə formalaşmasına və gələcəkdə cəmiyyətə daha uğurla inteqrasiya etməsinə müsbət təsir göstərə bilər. Düşünürəm ki, belə tənzimləmələrin müsbət nəticələri uzunmüddətli perspektivdə özünü göstərəcək."
Gülnaz Abdullazadə
