"Uşaqpulu", birdəfəlik dəstək, güzəştli ev: Gələcək problemin həlli YOLLARI

Bu ilin yanvar-may aylarında Azərbaycanda doğulan uşaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən hesabat dövründə 34 min 56 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi isə 2025-ci ilin müvafiq dövründəki 9,2-dən 2026-cı ildə 8,0-a enib.

Doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Statistikaya əsasən, doğulan körpələrdən 1184-ü əkiz, 48-i isə üçəm olub.

Azərbaycanda doğum sayını artırmaq üçün hansı stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirilib ki, doğum sayının azalmasının əsas səbəblərindən biri nikahların sayının azalmasıdır:

“Nikahların azalması fonunda doğum sayının da aşağı düşməsi təbii haldır. Digər tərəfdən, ailə quran cütlüklər əvvəlki illərlə müqayisədə daha az uşaq dünyaya gətirirlər. 

Bundan başqa, qurulan ailələrin tez dağılması da doğum göstəricilərinə mənfi təsir edir. Mən xüsusilə birinci və üçüncü səbəbi bir-biriylə əlaqəli görürəm. 

Firimcə, “İnsanlar niyə ailə qurmaqdan çəkinir və niyə nikahlar tez pozulur? kimi sualların cavabı ilk növbədə qanunvericilikdə axtarılmalıdır. Azərbaycanda tez-tez "dövlət ailəni qoruyur" deyilir. 

Hesab edirəm ki, mövcud yanaşma əksinə, ailələrin dağılmasını asanlaşdırır. İstər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti, istərsə də qəbul olunan bəzi qanunlar bu baxımdan müzakirə edilməlidir.

Nikaha müqavilə kimi yanaşmaq lazımdır. Həmin müqaviləni pozan tərəf, istər şiddət göstərən, istər xəyanət edən, istərsə də heç bir əsas olmadan nikahı davam etdirmək istəməyən şəxs və müqaviləyə sadiq qalan tərəflə qanun qarşısında eyni vəziyyətdə qiymətləndirilir. 

Uşaqla bağlı hüquqlar və nikah dövründə əldə edilmiş əmlakın bölgüsü zamanı da tərəflər arasında fərq qoyulmur. Halbuki digər müqavilələrdə, məsələn, biznes və ya əmlak münasibətlərində müqaviləni pozan tərəflə öhdəliyinə sadiq qalan tərəf eyni qiymətləndirilmir.

Bu vəziyyət ailə qurmaq istəyən gəncləri də narahat edir, nikaha marağı azaldır və nikahların pozulmasını asanlaşdırır. Əgər doğum sayını artırmaq istəyiriksə, ilk növbədə nikahların qorunmasına nail olmalıyıq. Dövlət ailələrin qorunmasını təmin edəcək qanunvericilik və mexanizmlər formalaşdırmalıdır.

Çünki bu gün gənclər ətraflarında çox sayda boşanma gördükləri üçün ailə qurmağın gələcəkdə onlar üçün ciddi risk yaradacağını düşünürlər. Nəticədə həm nikaha girməkdən, həm də uşaq sahibi olmaqdan çəkinirlər”. Onun sözlərinə görə, son vaxtlar ölkədə resessiya (iqtisadi tənəzzül) müşahidə olunur:

“İnsanlar təxminən 10 il əvvəl, yəni resessiyadan əvvəl daha yaxşı həyat tərzinə öyrəşmişdilər. İndi isə uzun müddətdir gəlirlərində sabitlik olmadığı üçün gələcəklə bağlı plan qura bilmirlər.

Bu da həm nikaha girməyə, həm də uşaq dünyaya gətirməyə mənfi təsir edir. Hesab edirəm ki, bu fundamental məsələdir. İqtisadi siyasət dəyişməlidir.

Monetar siyasətdə, Mərkəzi Bankın fəaliyyətində, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən fiskal və investisiya siyasətində, eləcə də sahibkarların dəstəklənməsi istiqamətində problemlər iqtisadi artımın qarşısını alır və riskləri artırır.

Bu isə insanların həm ailə qurmaq, həm də uşaq sahibi olmaq planlarına mənfi təsir göstərir. Qeyd etdiyim əsas problemlər həll olunmasa, digər tədbirlər süni nəfəs vermək kimi olacaq. Çünki əsas iqlimi məhz bu amillər müəyyən edir.

Bunu belə müqayisə etmək olar, bir tərəfdə iqlim var, digər tərəfdə isə kondisionerlə müəyyən bir məkanın havasını dəyişmək cəhdi. Əsas problem dəyişmədikcə, digər tədbirlər uzunmüddətli nəticə verməyəcək”.Ekspert qeyd edib ki, stimullaşdırıcı tədbirlər də tətbiq oluna bilər:

“Azərbaycanda əvvəllər “uşaqpulu” olub. Xüsusilə üçüncü və dördüncü uşaq üçün artan məbləğdə müavinətin verilməsi ailələrin növbəti uşağı dünyaya gətirməsinə stimul ola bilər. 

Hazırda uşaq planlaşdıran ailələrin bir çoxu maddi səbəblərdən uşaq dünyaya gətirmir. Düşünürəm ki, ailələr arasında fərq qoyulmalıdır. Yəni bu dəstək ünvanlı sosial yardım prinsipi ilə tətbiq edilməlidir. 

Hamıya yox, ehtiyacı olan ailələrə “uşaqpulu” verilməlidir. Çünki maddi vəziyyəti yaxşı olan ailələrin buna ehtiyacı olmaya bilər.Bəzi varlı ölkələrdə birdəfəlik doğum müavinəti verilir. 

Azərbaycanda da heç olmasa, hamiləlik dövründə və uşağın doğulması zamanı yaranan əsas xərcləri qarşılamaq üçün birdəfəlik dəstək verilə bilər.

Mən Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi böyük məbləğdən danışmıram. Ən azından doğuş və ilkin xərcləri qarşılayan məbləğ müəyyən edilə bilər.

Bundan əlavə, gənc ailələr üçün ipoteka şərtləri daha yüngül ola bilər və bu güzəştlər uşaq sayından asılı olaraq artırıla bilər. Xarici ölkələrdə belə təcrübə var.

Məsələn, ipoteka götürdükdən sonra ailədə uşaq sayı artdıqca onlara əlavə güzəştlər tətbiq edilir. Daha sonra uşaq sayına uyğun olaraq ödənişli valideyn məzuniyyətinin müddəti artırıla bilər. Bu da valideynlər üçün əlavə stimul olar.

Hazırda uşaq qidalarının və səhiyyə xidmətlərinin yüksək qiymətləri də gənc ailələri qorxudur. Dövlət bu sahədə də müəyyən siyasət həyata keçirərək həmin məhsul və xidmətlərin daha əlçatan olmasını təmin edə bilər. Əsas məsələ isə gənclərin ailə qurmasına mane olan gəlir qeyri-sabitliyidir. 

Əgər ölkədə məşğulluq artsa, yüksək gəlirli iş yerləri yaradılsa və insanların gəlirlərində sabitlik təmin olunsa, bu, həm ailə qurmağa, həm də uşaq planlaşdırmağa ciddi müsbət təsir göstərə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki