2026 FIFA Dünya Kubokunda Portuqaliya gözlənilməz xal itkisi ilə üzləşdi. Demokratik Konqo ilə qarşılaşmada erkən hesabı açmasına baxmayaraq üstünlüyünü qoruya bilməyən komanda meydandan 1:1 hesablı heç-heçə ilə ayrıldı.
Referans Media xəbər verir ki, matçdan sonra isə diqqətlər bir nəfərin üzərində cəmləndi – Kriştianu Ronaldo.
Start heyətində meydana çıxan ulduz futbolçu qarşılaşma boyu gözlənilən təsiri göstərə bilmədi. Hücum xəttində aktiv görünməyən Ronaldo oyundan sonra həm azarkeşlərin, həm də sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrildi.
Bir çox futbolsevər Portuqaliyanın nəticəsinə görə təcrübəli futbolçunun performansını tənqid etdi. Sosial mediada “əvvəlki Ronaldo deyil”, “artıq yeni nəslə yol vermək vaxtıdır” kimi rəylər geniş yayıldı.
Bununla yanaşı, Ronaldonu müdafiə edənlər də oldu. Onlar ulduz futbolçunun təcrübəsi, liderliyi və komandaya təsirinin hələ də vacib olduğunu bildirdi.
Digər tərəfdən, Demokratik Konqo bu nəticə ilə Dünya Kubokları tarixində ilk xalını qazanaraq öz futbol tarixində unudulmaz bir gecə yaşadı.
İndi isə bütün gözlər növbəti oyuna və Ronaldonun verəcəyi cavaba çevrilib.
