Vəsiyyətdə adı olmayan övlad miras ala bilər? — Açıqlama

Vərəsəlik məsələləri ailələr arasında ən çox mübahisə doğuran hüquqi mövzulardan biridir. Xüsusilə valideynin sağlığında övladını mirasdan məhrum edib-edə bilməsi cəmiyyətdə tez-tez müzakirə olunan və müxtəlif fikirlərin səsləndirildiyi məsələlərdəndir. Bir çox hallarda vətəndaşlar bu sahədə qanunvericiliyin tələblərini tam bilmədikləri üçün yanlış təsəvvürlər formalaşır.

Bəs Azərbaycan qanunvericiliyinə əsasən valideyn sağlığında övladını vərəsəlik hüququndan tam məhrum edə bilərmi? Bunun üçün təkcə vəsiyyətnamə kifayət edirmi, yoxsa qanunvericilikdə başqa hüquqi mexanizmlər də nəzərdə tutulub?

Referans Media bildirir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Vəfa Qədirova qeyd edib ki, valideyn sağlığında övladını yalnız qanunda nəzərdə tutulmuş xüsusi hallarda vərəsəlik hüququndan məhrum edə bilər.



Onun sözlərinə görə, sadəcə vəsiyyətnamədə “övladıma heç nə vermirəm” yazılması həmişə tam nəticə vermir:

“Belə ki, vəsiyyət edən şəxs vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyil. Bu, vəsiyyət azadlığı prinsipindən irəli gəlir. Lakin bunun çox mühüm bir istisnası var. O da məcburi pay hüququdur. Əgər övlad məcburi pay almaq hüququna malikdirsə, onda təkcə vəsiyyətnamə ilə onu tam şəkildə mirasdan məhrum etmək mümkün olmaya bilər. Mülki Məcəlləyə əsasən, vəsiyyət edənin uşaqları, valideynləri və həyat yoldaşı məcburi pay hüququna malikdirlər. Vəsiyyətnamə olsa belə, onlar mirasdan məcburi pay tələb edə bilərlər.

Bəs övladı mirasdan tam məhrum etmək nə zaman mümkündür?

Belə hallarda maraqlı şəxs məhkəməyə müraciət edərək vərəsənin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı iddia qaldıra bilər. Lakin vərəsəni məcburi pay hüququndan məhrum etmək o qədər də asan məsələ deyil. Bunun üçün əsaslı sübutlar olmalıdır. Məhrum etmək istədiyiniz vərəsənin sizə qarşı törətdiyi qanunsuz hərəkətlər, cinayət və ya məişət zorakılığı ilə bağlı əlinizdə əsaslı və mötəbər dəlillər olmalıdır. Bu hallar təsdiq olunarsa, məhkəmə vərəsəni məcburi pay hüququndan məhrum edə bilər”, – deyə hüquqşünas fikrini tamamlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki