Yeni mövsüm öncəsi heyətində dəyişikliklər etməyə hazırlaşan "Fənərbaxça"da Sofyan Amrabatla bağlı gözlənilməz xəbər alıb. Sarı-lacivərtlilərin satış siyahısına daxil etdiyi mərakeşli yarımmüdafiəçinin "Real Betis"də qalacağı gözlənilsə də, transfer danışıqlarının uğursuz nəticələndiyi iddia olunur.
Referans Media xəbər verir ki, Portuqaliyanın “Record” nəşrinin məlumatına görə, "Real Betis"in baş məşqçisi Manuel Pelleqrini komandasında görmək istədiyi Amrabat üçün "Fənərbaxça" ilə aparılan danışıqlarda razılıq əldə olunmayıb.
İddiaya əsasən, İstanbul klubunun futbolçu üçün tələb etdiyi transfer məbləği İspaniya təmsilçisini geri addım atmağa məcbur edib.
"Real Betis"in Amrabat transferindən vaz keçdikdən sonra yarımmüdafiə xəttini başqa futbolçu ilə gücləndirmək qərarına gəldiyi bildirilir.
İspan klubu Braziliyanın “Fluminense” komandasından Facundo Bernalı 10 milyon avro qarşılığında heyətinə qataraq orta sahə üçün alternativini müəyyənləşdirib.
29 yaşlı Sofyan Amrabat ötən mövsüm icarə əsasında "Real Betis"də çıxış edib. Mərakeşli futbolçu İspaniya klubunun heyətində 23 rəsmi oyuna çıxıb və 1 qol vurub.
"Fənərbaxça" ilə müqaviləsi davam edən Amrabatın gələcəyi isə yaxın günlərdə dəqiqləşəcək. İstanbul təmsilçisinin futbolçu ilə bağlı yeni qərar verməsi və mümkün təklifləri dəyərləndirməsi gözlənilir.
