Dünyada ölümcül virus yayılır: Yayılan yeni virus təşviş yaradır: bu əlamətləri görsəniz, təcili həkimə gedin

Hindistanda "Chandipura" virusu ilə bağlı narahatlıq artır. Virus səbəbindən indiyədək 22 uşağın həyatını itirdiyi açıqlanıb. Yoluxma hallarının artmasından sonra səhiyyə qurumları hərəkətə keçib və bölgələrdə nəzarət tədbirləri gücləndirilib.

Referans Media xəbər verir ki, Hindistanın səhiyyə rəsmiləri bildiriblər ki, artan yoluxma halları ilə əlaqədar milli səhiyyə müdaxilə qrupu bölgəyə göndərilib. Mütəxəssislər xəstəliyin yayıldığı ərazilərdə araşdırmalar aparır, yoluxmuş şəxslərlə təmasda olan insanların müəyyənləşdirilməsi və virusun yayılmasının qarşısının alınması istiqamətində işlər görür.

Səhiyyə qurumlarının məlumatına görə, "Chandipura" virusu əsasən milçəklər, ağcaqanadlar və gənələr vasitəsilə insanlara keçir.

Mütəxəssislər vətəndaşlara xüsusilə həşərat dişləmələrindən qorunmağı, gigiyena qaydalarına diqqət etməyi və şübhəli əlamətlər yarandığı halda vaxt itirmədən tibbi yardıma müraciət etməyi tövsiyə edib.

"Chandipura" virusu xüsusilə uşaqlar üçün təhlükəli hesab olunur. Xəstəlik yüksək hərarət, baş ağrısı, qusma, huş pozğunluğu və ağır hallarda beyin iltihabı kimi fəsadlara səbəb ola bilər.

Hindistanın səhiyyə qurumları virusun yayılmasının qarşısını almaq üçün monitorinq tədbirlərini davam etdirir. Əhali arasında maarifləndirmə işlərinin artırıldığı və riskli bölgələrdə tibbi nəzarətin gücləndirildiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki