Naxçıvan sakinlərindən redaksiyamıza olduqca ciddi, narahatlıq və hiddət dolu şikayətlər daxil olub. Şikayətin sədası bu dəfə paytaxtda və bölgələrdə tikinti maxinasiyaları ilə ad çıxarmış, ictimaiyyətdə "Sədərək Yusif" kimi tanınan şəxsin qardaşı – Ənvər Qədimbəylidən gəlir.
Məsələ konkret və acınacaqlıdır: Vətəndaşlar illərlə zəhmət çəkib topladıqları, bəlkə də son qəpiklərinə qədər Hacı Ənvərin tikdiyi binadan mənzil almaq üçün nağd şəkildə onun cibinə köçürüblər. Amma ortada nə mənzil var, nə də geri qaytarılan pullar. Sakinlər ortalıqda qalıb, pullar mənimsənilib, vətəndaşın halal haqqı isə Ənvər Qədimbəylinin biznes imperiyasının növbəti qurbanına çevrilib.
Məsələyə aydınlıq gətirmək, qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə redaksiya olaraq Hacı Ənvərlə əlaqə saxlamağa çalışdıq. Lakin qarşılaşdığımız mənzərə sadəcə rüsvayçılıqdır. Telefonu qaldıran sürücüsü böyük bir arxayınlıqla bəyan etdi ki: "Ənvər bəy yatıb".
Maraqlıdır, bu zəngin üzərindən tam 4 gün keçib, amma Hacı Ənvər hələ də "yuxudan oyanmayıb". Cənab Ənvər, bu nəyin rahatlığıdır? Millətin qan pulunu, ev pulunu alıb talamağın verdiyi arxayınçılıq yuxusudurmu bu? Siz yüzlərlə insanı evsiz-eşiksiz, pulsuz qoyub necə belə rahat yata bilirsiniz?
Sizin o quş tükü balışda yatdığınız rahat yuxunuz var ha... Bax o yuxunu hər gün gözünə dik dik batan, kirayələrdə sürünən, pulunu sizə etibar edib bu gün çörək puluna möhtac qalan o çarəsiz sakinlər də yatmaq istəyir.
Əgər evlərini tikib təhvil vermirsinizsə, heç olmasa vətəndaşların pulunu qəpiyinə qədər geri qaytarın. İnsanların boğazından kəsib sizə verdiyi vəsaitlərlə özünüzə lüks həyat qurub, üstəlik sürücünüz vasitəsilə mətbuata və xalqa lağ etmək hansı mənəviyyata sığır?
Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş məmnunluğu, sosial ədalət və korrupsiyaya qarşı amansız mübarizə dövlət siyasətinin ən ali xəttidir. Ölkə başçısı hər çıxışında məmurlara və iş adamlarına vətəndaşı incitməməyi, onların hüquqlarına hörmətlə yanaşmağı tapşırır.
Bəs Ənvər Qədimbəyli və onun kimilər nə edir?
Sizin bu əməlləriniz, vətəndaşı açıq-aşkar intihar həddinə çatdırmağınız, pullarını mənimsəyib qapılarda qoymağınız sadəcə bir sosial problem deyil. Bu, birbaşa vətəndaşları dövlətdən narazı salmaq, onları cənab Prezidentin apardığı uğurlu siyasətə qarşı qaldırmaq cəhdidir. Belə anlaşılır ki, siz öz şəxsi maraqlarınızı və cibinizi doldurmaq naminə ölkədəki sabitliyi və vətəndaş-dövlət güvənini sarsıtmaqdan belə çəkinmirsiniz. Qardaşınızın və ya arxalandığınız hansısa qüvvələrin adından istifadə edərək qanunlardan üstün olduğunuzu düşünürsünüzsə, bərk yanılırsınız.
Yaradanın adını daşıyıb "Hacı" titulu gəzdirmək təkcə müqəddəs yerləri ziyarət etməklə bitmir, Hacı Ənvər! İslamın da, insanlığın da ilk şərti qul haqqını yeməməkdir. Yüzlərlə ailənin ah-naləsi üzərində qurulan biznesin sonu fəlakətdir.
Biz media qurumu olaraq bu mövzunu diqqətdə saxlayacağıq. Aidiyyəti hüquq-mühafizə orqanlarını, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsini Naxçıvan sakinlərinin bu fəryadını eşitməyə və Hacı Ənvərin bu qanunsuz əməllərinə hüquqi qiymət verməyə çağırırıq.
Oyanın, Ənvər bəy, oyanın! Çünki qanunun və dövlətin şilləsi elə dəyəcək ki, o yuxudan birdəfəlik diksinərək ayılmalı olacaqsınız! Vətəndaşların Pullarını qaytarın!
Sima Babayeva
