Qırğız əlifbasından rus dilinə məxsus hərflərin çıxarılması təklif edilib

Qırğızıstanda dilin özünəməxsus fonetik xüsusiyyətlərini qorumaq məqsədilə qırğız əlifbasından rus dilinə məxsus hərflərin çıxarılması təklif olunub.

Qırğızıstan Prezident Administrasiyasına bağlı Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiya ilə Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə "Qırğız dilində orfoqrafiya qaydaları: mövcud vəziyyət və inkişaf problemləri" mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən akademik Sırtbay Musayev bildirib ki, mövcud orfoqrafiya qaydaları son 86 ildə əsaslı dəyişikliklərə məruz qalmayıb və bu, yazı sistemində həllini tapmamış problemlərin yaranmasına səbəb olub.

Onun sözlərinə görə, keyfiyyətli orfoqrafiya sistemi üçün ilk növbədə əlifbanın dəqiqləşdirilməsi vacibdir.

"Mükəmməl yazı sistemi üçün mükəmməl əlifba lazımdır. Təkcə "E" hərfi ilə bağlı altı-yeddi qayda mövcuddur. 1939-cu ildən etibarən ruslaşdırma prosesi güclənib və bu, milli dəyərlərə, xüsusilə də dilə mənfi təsir göstərib. Kiril əlifbasından imtina etmədən orfoqrafiya qaydalarını təkmilləşdirmək üçün aktual məsələləri gündəmə gətiririk. Sabah ölkəmiz latın əlifbasına keçmək qərarı versə, buna hazırıq. Digər türkdilli xalqlar bizim əlifbamızı nümunə göstərirlər. Bunun səbəbi alimlərimiz İşenalı Arabayev və Kasım Tınıstanovun qırğız dilinin orijinal fonemlərini müəyyənləşdirərək 28 hərfdən ibarət əlifba hazırlamalarıdır", – deyə Musayev bildirib.

Konfransda iştirak edən digər dilçilər də vurğulayıblar ki, bu islahat təşəbbüsü kiril əlifbasından tamamilə imtina etmək anlamına gəlmir. Məqsəd mövcud çatışmazlıqları aradan qaldırmaq və qırğız dilinin fonetik xüsusiyyətlərini daha dəqiq əks etdirməkdir.

Mütəxəssislərin fikrincə, qırğız dilində işlənməyən və yalnız rus mənşəli sözlərdə istifadə olunan hərflər dilin səs sisteminə mənfi təsir göstərir, yeni nəslin qırğız dilinə xas səsləri düzgün tələffüz etməsini çətinləşdirir.

Qeyd edək ki, qırğız dili tarixən ərəb və latın əlifbalarından istifadə etsə də, 1940-cı ildən etibarən rəsmi yazı dili kimi kiril əlifbası tətbiq olunur.

Hazırda qırğız kiril əlifbası 36 hərfdən ibarətdir. Buraya rus əlifbasındakı hərflərlə yanaşı, qırğız dilinin özünəməxsus səslərini ifadə edən üç xüsusi hərf də daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki