Son vaxtlar Avropanı cənginə alan anomal istilər və bunun fonunda yaranan kütləvi fəsadlar Azərbaycanda da yay mövsümünün necə keçəcəyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Avropada termometrlərin 40-41 dərəcəni göstərməsi böyük fəsadlara yol açdığı halda, ölkəmizdə, xüsusən də Culfada tarixdə 43-44 dərəcəyə qədər mütləq maksimumların qeydə alınması iki coğrafiya arasındakı fərqləri ortaya qoyur.
Mövzu ilə bağlı Referans Media-ya özəl açıqlama verən tanınmış alim, ekoloq Ənvər Əliyev Avropa ilə Azərbaycanın iqlim fərqlərindən danışıb və bu fəsadların pərdəarxası səbəblərini izah edib.
Alim qeyd edib ki, bizim dədə-babalarımız 40-41 dərəcə istidə çöllərdə rahatlıqla işləyib, təsərrüfatla məşğul ola bildikləri halda, Avropada bu temperatur fəlakətə bərabərdir:
"Avropanın bizdən əsas fərqi ondadır ki, oradakı rütubət bizim aran rayonlarımızla müqayisədə 3-4 dəfə daha yüksəkdir. Rütubət artdıqca isə havadakı oksigenin konsentrasiyası, yəni həllolma qabiliyyəti kəskin azalır. Oksigen çatışmazlığı isə insanın təkcə əmək qabiliyyətini aşağı salmır, həm də onun fizioloji durumunu tamamilə sarsıdır. Avropada ölüm hallarının artmasının əsas səbəbi məhz budur. Üstəlik, orada yaşlı nəslin payı bizə nisbətən daha çoxdur və onlar bu cür ağır hava şəraitinə qarşı çox həssasdırlar", – deyə o bildirib.
Anomal iqlim dəyişikliklərinin və qəfil istilərin bir çox qlobal və kosmik səbəblərdən yarana biləcəyini deyən Ənvər Əliyev, belə kəskin hava şəraitində insanların öz sağlamlıqlarına qarşı ikiqat diqqətli olmalarının vacibliyini vurğulayıb.
Ekspert anomal istilərin fəsadlarından qorunmaq üçün Referans Media vasitəsilə əhaliyə, xüsusən də risk qrupuna daxil olan vətəndaşlara xəbərdarlıq edib:
"Güclü və qəfil gələn istilər ilk növbədə ahıl (yaşlı) insanlara, hamilə qadınlara, azyaşlı uşaqlara, normal qidalanma rejimi olmayanlara və ümumiyyətlə, immun sistemi, orqanizmi zəif olan şəxslərə kəskin təsir edir. Biz bu cür təbiət hadisələri ilə tez-tez qarşılaşırıq və yəqin ki, bundan sonra da qarşılaşacağıq. Əsas odur ki, sağlamlığımıza diqqət edək. Əgər orqanizmimizin müqaviməti yaxşı olarsa və xüsusilə də xroniki xəstəliklərdən özümüzü qoruya bilsək, bu cür anomal istilərə qarşı daha dözümlü olarıq", – deyə alim fikrini tamamlayıb.
