Nazir müəllimlərə MÜJDƏNİ VERDİ: Maaşlar artır, şərtlər dəyişir

Elm və təhsil naziri Emin Əmrullayevin 20 min tamştatlı müəllim vəzifəsinin yaradılacağını və bu müəllimlərin gələcəkdə sertifikatlaşdırma prosesinə cəlb edilməyəcəyini açıqlaması təhsil ictimaiyyətində müzakirələrə səbəb olub. Bəs bu model təhsil sisteminə və şagirdlərin nəticələrinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Referans Media-ya danışan təhsil eksperti Elçin Əfəndi qərarı müsbət qiymətləndirib.

Onun sözlərinə görə, qarşıdakı dövrdə 20 min təhsil işçisinin tamştatlı müəllim vəzifəsinə keçirilməsi nəzərdə tutulur:

"Bu, ilk növbədə müəllimlərin əməkhaqlarının artırılması, eyni zamanda onların müəyyən imtiyazlarla təmin olunması, o cümlədən sertifikatlaşdırma prosesindən azad edilməsi deməkdir. Bu model tətbiq olunarsa, həm müəllimlərin sosial rifahının yaxşılaşmasına, həm də gələcəkdə onlara əlavə imtiyazların verilməsinə şərait yarada bilər."

Ekspert hesab edir ki, bu yanaşma şagirdlərin təhsil göstəricilərinə də müsbət təsir göstərəcək:

"Tamştatlı müəllim modeli təhsil göstəricilərinin yüksəlməsinə təsir edən əsas amillərdən biri ola bilər. Müəllim yalnız dərsini keçib işi bitmiş hesab etməyəcək. O, növbəti günün dərsinə hazırlaşmaq, zəif şagirdlərlə fərdi işləmək, onların mövzular üzrə yol verdiyi çatışmazlıqları aradan qaldırmaq, ümumi təhsil tədbirlərində iştirak etmək, fənn müəllimləri ilə müzakirələr aparmaq və tədris prosesinin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər vermək imkanı əldə edəcək."

Elçin Əfəndi bildirib ki, bu səbəbdən tamştatlı müəllim modelini müsbət qiymətləndirirlər:

"İlkin mərhələdə bu yanaşmanı müsbət dəyərləndiririk və onun təhsil sistemində müsbət nəticələr verəcəyinə inanırıq."

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki