Yaxın Şərqdə gərginlik yenidən alovlandı: İran itkilərini açıqladı, Trampdan yeni açıqlama gəldi

Yaxın Şərqdə gərginlik yenidən kəskinləşib. ABŞ-ın İrana məxsus onlarla hərbi obyektə endirdiyi hava zərbələrindən sonra Tehran ölən və yaralananların sayını açıqlayıb. Bu arada ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərə verdiyi açıqlamada İranın Vaşinqtonla yenidən razılıq əldə etmək istədiyini iddia edib.

Referans Media xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İranın ticarət gəmilərinə hücum imkanlarını zəiflətmək məqsədilə ölkənin sahil xətti boyunca yerləşən təxminən 90 hərbi hədəfə hava zərbələri endirilib.

Məlumata görə, əməliyyat zamanı hava hücumundan müdafiə sistemləri, sahil müşahidə məntəqələri, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlər, hərbi-dəniz qüvvələrinin infrastrukturu və logistika mərkəzləri hədəf alınıb.

CENTCOM qeyd edib ki, əməliyyat İranın Hörmüz boğazında üç ticarət gəmisinə hücumundan sonra həyata keçirilib və əvvəlki gecə başlanan hərbi əməliyyatların davamıdır.

İran itkiləri açıqladı

İran rəsmiləri ABŞ-ın son hava hücumları nəticəsində 14 nəfərin öldüyünü, 78 nəfərin isə yaralandığını bildiriblər.

İrandan ABŞ bazalarına cavab zərbəsi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab olaraq Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb.

Bildirilib ki, hücumlar Küveytdəki Ərifcan və Əli Əl-Salem, həmçinin Bəhreyndəki Cuffair və Şeyx İsa hərbi bazalarını hədəf alıb.

SEPAH bəyan edib ki, ABŞ-ın yeni hücumları davam edəcəyi təqdirdə bölgədəki digər Amerika hərbi obyektlərinə qarşı da cavab tədbirləri görüləcək.

Tramp: "İran bizimlə razılaşmaq istəyir"

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında İranın Vaşinqtonla əlaqə saxladığını iddia edib.

"İran indicə zəng etdi. Onlar razılaşmaq istəyirlər", – deyən Tramp ABŞ-ın hərbi baxımdan üstünlük qazandığını vurğulayıb.

Bununla yanaşı, Tramp Tehranın mümkün razılaşmaya sadiq qalacağına inanmadığını bildirib.

"Onların razılaşmaya əməl edəcəyini düşünmürəm. Buna etibar etmək çətindir", – deyə ABŞ Prezidenti əlavə edib.

Tramp həmçinin Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlara da toxunaraq, İran rəhbərliyinin vəziyyətə nəzarəti itirdiyini iddia edib.

Beləliklə, qarşılıqlı hərbi əməliyyatlar və sərt bəyanatlar fonunda Yaxın Şərqdə gərginlik yenidən təhlükəli mərhələyə qədəm qoyub. Regionda vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki