Almaniyadan Leroy Sane ilə bağlı şok açıqlama: Milli karyerası bitir?

“Qalatasaray”ın ulduzu Leroy Sane Almaniya millisindəki gələcəyi ilə bağlı diqqətçəkən açıqlamaların hədəfinə çevrilib. Təcrübəli almaniyalı baş məşqçi Peter Neururer 30 yaşlı futbolçunun milli komandadakı karyerasının artıq sona çatdığını iddia edib.

Referans Media xəbər verir ki, UEFA Çempionlar Liqasında “Sportinq”ə qarşı səfər oyununda məğlubiyyətlə üzləşən “Qalatasaray”da Leroy Sane də göstərdiyi performansa görə tənqid olunur. Almaniya mətbuatında da gündəmdə olan futbolçu ilə bağlı ölkəsindən gözlənilməz açıqlama gəlib.

Peter Neururer Almaniya millisinin baş məşqçisi vəzifəsinə keçən Yurgen Kloppun heyətdə ciddi dəyişikliklər edə biləcəyini bildirib. Onun fikrincə, Leroy Sane və Leon Qoretzka kimi futbolçuların milli komandadakı dövrü artıq başa çatmaq üzrədir.

Neururer Sane barədə olduqca sərt fikirlər səsləndirib: “Klopp tamamilə performans prinsipinə əsasən hərəkət edən məşqçidir. Mən bu futbolçunu sevirəm, amma o, bu səviyyəni sonuncu dəfə nə vaxt göstərib? Təəssüf ki, onun milli komandadakı vaxtı bitib. Geri qayıdacağını düşünmürəm”.

Leroy Sane 2026-cı ildə Almaniya millisinin dünya çempionatı heyətində yer alıb. 30 yaşlı hücumçu Almaniya yığmasının formasını ümumilikdə 80 rəsmi oyunda geyinib və 18 qol vurub.

Bununla belə, Sane ilə bağlı son açıqlamalar onun milli komandadakı gələcəyinin sual altında olduğunu göstərir. Yurgen Kloppun heyət seçimlərində performans meyarını əsas götürəcəyi təqdirdə, təcrübəli futbolçunun qarşıdakı dönəmdə Almaniya millisindən kənarda qalması ehtimalı gündəmə gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki