Nepalda quş qripinin (H5N1) sürətlə yayılması və yüz minlərlə ev quşunun məhv edilməsi istehlakçılar arasında narahatlıq yaradıb. Bəs bu vəziyyət Azərbaycanda quş əti və yumurta istehlakı baxımından hər hansı risk yaradırmı?
Referans Media-ya danışan qida mütəxəssisi Fərid Səfərov bildirib ki, belə xəbərlər təşvişə deyil, elmi faktlara əsaslanan yanaşmaya səbəb olmalıdır.
Onun sözlərinə görə, hazırda Azərbaycanda rəsmi qurumlar tərəfindən quş qripi ilə bağlı istehlakçılar üçün əlavə qida təhlükəsizliyi riski barədə hər hansı xəbərdarlıq edilməyib.
"Bazara qanuni yollarla çıxarılan və baytarlıq nəzarətindən keçmiş quş əti və yumurtanın istehlakı ümumilikdə təhlükəsiz hesab olunur. Bununla belə, vəziyyət daim nəzarətdə saxlanılmalı və rəsmi qurumların açıqlamaları izlənilməlidir", – deyə mütəxəssis bildirib.
Fərid Səfərov qeyd edib ki, quş qripi virusunun insanlara əsas yoluxma yolu xəstə quşlar və ya onların ifrazatları ilə birbaşa təmasdır.
"Virusun yaxşı bişirilmiş quş əti və ya yumurta vasitəsilə insanlara keçdiyini təsdiqləyən etibarlı elmi sübut yoxdur. Virus yüksək temperaturun təsiri altında məhv olur. Buna görə də quş əti tam bişirilməli, yumurta isə çiy və ya yarımbişmiş deyil, tam bişmiş formada istehlak edilməlidir."
Qida mütəxəssisi istehlakçılara alış-veriş zamanı məhsulun mənşəyinə və saxlanma şəraitinə diqqət yetirməyi tövsiyə edib.
"Məhsullar rəsmi satış məntəqələrindən alınmalı, qablaşdırmanın bütövlüyünə, son istifadə tarixinə və saxlanma temperaturuna diqqət yetirilməlidir. Ev şəraitində isə çiy quş əti digər qidalardan ayrı saxlanmalı, onunla təmasda olan bıçaq və doğrama lövhələri yaxşı yuyulmalı, əl gigiyenasına ciddi əməl olunmalıdır. Bu qaydalar təkcə quş qripindən deyil, həm də Salmonella və Campylobacter kimi digər qida mənşəli infeksiyalardan qorunmaq üçün vacibdir."
Fərid Səfərov vurğulayıb ki, belə xəbərlər fonunda toyuq əti və yumurtadan tamamilə imtina etməyə ehtiyac yoxdur.
"Əksinə, bu məhsullar yüksək keyfiyyətli zülal, vitamin və mineralların mühüm mənbəyidir. Əsas məsələ onların etibarlı mənbədən alınması, düzgün saxlanılması və kifayət qədər istilik emalından keçirilməsidir. Bu qaydalara əməl edildikdə quş əti və yumurtanın istehlakı təhlükəsiz hesab olunur."
Gülnaz Abdullazadə
